Friday, May 10, 2024

Sabirabad şəhərinin tarixi


Müəlliflər:

1) "Suqovuşan" Ədəbi Məclisinin rəhbəri, Sabirabad rayonunda nəşr olunan "Muğanın səsi" qəzetinin redaktoru Elçin Nəsib

2) İctimai fəal,diaspora üzvü Hafiz Cəfərli

19-cu əsrin 80-ci illərində ilk rus köçkünləri Muğan düzündə görünməyə başladılar. Əvvəlcə əkinçilik üçün dövlətə məxsus torpaq sahələrini icarəyə götürürdülər, köçkünlərin sayı artmağa başlayanda isə bu torpaqların onlara icazə verilməsi üçün hökumətə müraciət edirdilər. Beləliklə, Muğan üzərində tədricən ilk rus kəndləri və qəsəbələri görünməyə başladı. Hökumət köçkünlərə maddi dəstək verməklə yanaşı, onların mənəvi ehtiyaclarını da qarşılayırdı. Pravoslav kilsələrinin tikintisinə ehtiyac yarandı. Muğanda ilk rus kəndlərindən biri Kür və Arazın qovuşduğu yerdə yerləşən Cavad qəzasının Petropavlovka kəndi olmuşdur. Əvvəllər buranı 1747-ci ildə yaranmış Cavad xanlığının mərkəzi olan Cavad şəhəri tuturdu. 1768-ci ildə Quba xanlığından asılı vəziyyətə düşdü. 1778-ci ildə şəhər Quba xanı Fətəli xana qarşı çıxan Gilan xanı Hidayətullah xan tərəfindən tutuldu və talan edildi. Əsir götürülən sakinlərdən bəziləri kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün Rəşt və Ənzəliyə aparıldı. Cavad məhv edildi və bir daha əvvəlki mövqeyinə və əhəmiyyətinə qayıtmadı. 1805-ci ildə Cavad xanlığının ərazisi Rusiya imperiyasına birləşdirildi.

1868-ci ildə şəhəri bərpa etməyə cəhdlər edildi. Həmin il burada qəza hökuməti fəaliyyətə başladı, idarə binalarının tikintisi üçün yer ayrıldı və işlərə başlandı. Cavadı tez bir zamanda dirçəltmək və pravoslavları cəlb etmək üçün Cavad yaxınlığında (Kür-Araz qovşağının sağ sahilində, Qalaqayın ərazisində) pravoslav kilsəsinin tikilməsi qərara alındı ​​və Bakı hərbi qubernatoru, general-leytenant N. N. Kolyubakin 1870-ci il dekabrın 4-də Gürcüstan ekzarxı arxiyepiskop Yevsebiydən məbəd tikmək üçün icazə istədi. Ekzarxın, eləcə də Qafqazdakı qubernatoru, böyük hersoq Mixail Nikolayeviçin razılığını aldıqdan sonra tikinti başlandı. 26 fevral 1871-ci ildə müqəddəs həvarilər Pyotr və Pavelin şərəfinə məbədin təməl daşı qoyuldu. Memar Çijovun hesablamalarına görə, kilsənin tikintisi üçün xəzinədən 11587 rubl ayrıldı. Kilsə layihəsinin müəllifi əyalət mühəndisi A.İ.Bardin idi və tikinti onun nəzarəti altında aparıldı.

Kilsə gəmi formasında rus-Bizans üslubunda zəng qülləsi ilə birlikdə daş bünövrə üzərində 9 kulaç 2 arşın uzunluğunda (təxminən 21 m) və eni dörd kulaç (8,5 m) ilə birlikdə tikilmişdir. Məbədin divarları iki kulaç hündürlüyündə və arşının dörddə üçü (təxminən 5 m) olan bişmiş kərpicdən hörülmüşdür. Kilsənin 4 qapısı və 10 pəncərəsi var idi. Bina dəmir dam örtüyü ilə örtülmüş, səkkizguşəli günbəz taxtadan hazırlanmış, lampa və başlıq da taxta olub, qalayla örtülmüşdür. Zəng qülləsi kilsəyə birbaşa bitişik, hündürlüyü 9 kulaç (təxminən 19 m) idi və dəmir dam örtüyü ilə örtülmüş taxta günbəzlə örtülmüşdür. Xaçlar taxta idi, 1904-cü ildə açıq iş dəmirləri ilə əvəz edilmişdir. 1905-ci ilə qədər zəng qülləsinin 5 zəngi var idi, onlardan ən böyüyü 30 pud və 2 funt (təxminən 490 kq) ağırlığında idi.

1875-ci ildə tikilmiş kilsə uzun müddət təqdis olunmamış qalmışdır. Qəza hökuməti bir çox inzibati səbəblərdən Salyana köçürüldü və Cavadda hələ də pravoslav xristianlar yox idi. Yalnız 1887-ci ildə ilk məskunlaşanlar Cavadda peyda oldular, bir neçə ailə məbədin təqdis olunmasını xahiş etməyə başladı. O vaxta qədər bina artıq müəyyən təmir tələb edirdi və məbəddə hələ də ikonostaz yox idi. Bakı quberniya idarəsi Cavad kilsəsinin ehtiyacları üçün 671 rubl 64 qəpik ayırdı. Bu pulla Moskva rəsmindən nişanlar olan bir qatlı taxta ikonostaz alınmış, cökə qurbangahı quraşdırılmış, üç zəng və kilsənin təqdis edilməsi üçün lazım olan əşyalar alınmışdır. 1888-ci il mayın 9-da məbədi Bakı quberniyasının dekanı, protoyehni Aleksandr Yunitski Müqəddəs Möcüzəyaradan Nikolayın şərəfinə təqdis etdi. Köçürülənlər özləri məbədə yeni ad vermək istəyirdi. Kilsənin kiçik olması səbəbindən yeni təqdis olunan kilsəyə daimi keşiş təyin edilmədi.

Qafqazda mülki hissənin baş komandanı A.M.Dondukov-Korsakovun əmri ilə 1887-ci ildə Cavad qəza şəhəri ləğv edildi. Onun yerində yeni köçkünlər dəstəsinin məskunlaşmasına icazə verildi. 1892-ci ildən mərkəz kimi Cavadın əvəzində Qalaqayın ərazisində yaranan rus kəndi Petropavlovka (qovşağın sağ sahili) adlandırılmağa başladı.

Müqəddəs Möcüzəyaradan Nikolay kilsəsi ziyarətçilərinin sayı artdı və müstəqil kilsə təşkil edilməsi zərurəti yarandı. 1892-ci ildə keşiş İohan Meiparianov kilsənin ilk keşişi oldu. Məzmur oxuyan da təyin olundu. Xəzinədən alınan maaş ildə keşiş üçün 450 rubl, məzmur oxuyan üçün isə 150 ​​rubl idi. Keşiş İohan Meiparianov bir ilə yaxın Petropavlovkada xidmət etmiş və 1893-cü il yanvarın 22-də tif xəstəliyindən vəfat etmiş və kilsə hasarında basdırılmışdır. Həmin il məbəddə qamışdan kiçik üçotaqlı bina tikən kilsəyə keşiş Abraham Abazadze təyin olundu və otaqların birində paroxial məktəb yaradıldı. Onun varisi, 1901-ci ildə Petropavlovkaya təyin edilmiş keşiş Dmitri Kiriçenko Bakı qubernatoruna ruhanilər evi tikilməsi üçün müraciət etdi. Ərizə təmin edildi və 1903-cü ildə çiy kərpicdən üç otaqlı ev (sonralar həmin ev dağıdılaraq yerində rus orta məktəbi tikildi,hal-hazırda futbol stadionu yerləşir) tikildi. Donor dövlət müşaviri N.İ.Kolosovun vəsaiti hesabına kilsə üçün zərli gümüş çərçivədə olan İncil qurbangahı və gümüş qablar alındı. Vaxt keçdikcə bütün lazımi müqəddəslik aksesuarları, qablar və liturgik kitablar əldə edildi. Kilsədə teoloji və tarixi məzmunlu kitablar olan kiçik bir kitabxana var idi. Sovet dövründə məbədin başına gələnlər məlum deyil, hazırda mövcud deyil.

Tarixi mənbələrdə göstərilir ki, Kür və Araz üstündəki qədim Suqovuşan və Qalaqayın kəndləri arasındakı ərazidə ənənəvi həftə bazarının (cümə axşamı) keçirildiyi yerdə salınmış Sabirabad şəhərinin tarixi 1868-ci ildən başlayır. Bu ildə çoxdan düşünülmüş Cavad şəhərini yaratmaq üçün çiy kərpicdən ilk ikimərtəbəli bina və pravoslav kilsəsi tikilir.

Lakin sonradan şəhər salmaq fikrindən əl çəkilir. Muğana 1887-ci ildə ukraynalı kəndlilər köçürüldükdə 26 ailə bu məntəqədə məskunlaşdırılır və kəndə Petropavlovsk adı verilir. 1901-ci ildə burada 87 təsərrüfat olmuşdur. XIX əsrin sonlarında indiki şəhərin ərazisində Petropavlovka kəndi salındı. 1887-ci ildə ukraynalılıar bura köçürülməyə başladı.

Kənd XX əsrin əvvəllərində inkişaf etməyə başladı. 8 avqust 1930-cu ildə Petropavlovka rayon mərkəzi oldu. 2 oktyabr 1931-ci ildə adı dəyişdirilib Sabirabad qoyuldu. 1952-ci ildə qəsəbə, 4 dekabr 1959-cu ildə şəhər statusu aldı.

Sabirabadın keçmişi barədə rayonun sakinləri ilə çox söhbətlərim olub. Onlardan biri də həyatın hər üzünü görmüş, kollektivləşmə, repressiya illərinin, ikinci cahan savaşının, ondan sonrakı illərin canlı şahidi olmuş, ömrünün 58 ilini bir çox məsul vəzifələrdə çalışmış mərhum Bulud Qurbanov idi. Çox iti yaddaşa malik olmuş  Bulud Qurbanovun Sabirabadın keçmişi barədə dəqiq məlumatı vardı. Onunla söhbətimizin tarixi təxminən 25 il bundan əvvələ gedib çıxır. O, keçmiş illəri belə xatırlayırdı:

 “Yaxşı yadımdadır, yaşadığım Qalaqayın kəndində məscidin minarə və gümbəzini sökmüşdülər. Orada “Çadra daloy” tədbirləri keçirilirdi. Hər dəfə qadınlar məscidə gedib çadralarını atırdılar. Kənddə kolxoz yaranması da yadımdadır. O vaxtlar bizim kəndin ərazisində iki kolxoz yaranmışdı. Əliqulu və Güləhməd ilk kolxoz sədrləri olmuşdular. Artellər təşkil olunması da xatirimdədir. Xalq arasında buna “tozlanma” deyirdilər. Artel yaratmaq üçün hərə bir əmlak qoyurdu. Mənim atam da balaca bir dana aparıb artelə üzv yazıldı. Kolxoza üzv yazılmaq istəməyən tək təsərrüfatları məcbur elətdirirdilər. Bunun bir nəticəsi olmadıqda isə kolxozun ümumi yığıncağı qərar çıxarırdı ki, qolçomaqlar kollektivləşməyə maneçilik törədirlər. Nəticədə onların malını, mülkünü müsadirə edirdilər. Hakimiyyət qorxu üzərində qurulduğundan adamların çoxu dövlətin qanunları ilə razılaşırdılar. 

Kəndə ilk traktor gəlməsini də xatırlayıram. Traktorun torpağı yara-yara getməsinə möcüzə kimi baxırdılar. 26 Komissar kolxozunda traktoru idarə etməyə qadınlar da həvəs göstərirdilər. Şəkər, Səkinə, Soltan kolxozun ilk qadın traktorçuları olmuşdular”.

Bulud Qurbanov uşaqlıq illərinin xatirələrini də danışmışdı. Bildirmişdi ki, biz oxuduğumuz illərdə ayrıca məktəb binaları yox idi. Məktəblər evlərdə yerləşirdi. Dərslər qolçomaqlardan müsadirə edilmiş evlərdə keçilirdi. Savadsızlığı ləğv etmək üçün gecə kursları açılmışdı. Adamlara oxumağı, yaznağı öyrədirdilər. O vaxtlar malyariya xəstəliyi yayılmışdı. Xəstəlik törədən ağcaqanadları tuturduq, şüşələrə yığıb təhvil verirdik. Əvəzində məktəbdən pul alırdıq. 

Bulud Qurbanov Sabirabadın keçmişi barədə mənə ətraflı məlumat vermişdi:

“Əvvəllər indiki Sabirabad şəhəri Qalaqayın adı ilə tanınmışdı. Ruslar bura köçürüldükdən sonra Qalaqayın Petropavlovka adlandırılmışdı. Onu da deyim ki, 30-cu illərin əvvəllərində Sabirabad olduqca abad inzibati mərkəz idi. Əhalisinin 60 faizdən çoxunu ruslar təşkil edirdi. İndiki Azərbaycan prospektində (hazırda Heydər Əliyev prospekti) başdan-başa ruslar yaşayırdı. Rusların abad, yaraşıqlı evləri var idi. Yolların kənarlarına çəkilmiş alçaq taxta hasarlar. Küçələrə xüsusi yaraşıq verirdi. Hər tərəf gül-çiçək idi. Küçəyə çıxanda adam gül-çiçəyin ətrindən məst olurdu. Yüksək mədəniyyət var idi. Ruslar küçələrdə qarmon çala-çala gecə yarıyadək xorla mahnılar oxuyurdular. Klubda rəqs edirdilər".

Bulud Qurbanov həmin dövrə aid daha sonra bunları söyləmişdi: “İndiki mərkəzi hamamın yerində rus kilsəsi vardı. Çox yaraşıqlı, əzəmətli bina idi. 

P.s İndiki S.Vurğun adına klubun kənarında rayon prokurorluğu,onun da qarşısında Kirovun heykəli vardı. Heykəldən təxminən 40-50 metr aralıda hamam yerləşirdi. Həmin hamama el arasında "Fatmanın hamamı" da deyilirdi. "Fatmanın hamamı" əvvəl "Zülfəlinin hamamı" idi. Müharibə veteranı idi Zülfəli dayı,bir qolunu itirmişdi. Sonralar hamamın qonşuluğunda yaşayan həmin hamamı Fatma adlı bir dul qadın işlətdi. S.Vurğun adına klubun yanında yay klubu da var idi. Köhnə mədəniyyət evi də klubun sağ tərəfində yerləşirdi. Bir dəfə orada möhkəm yanğın olmuşdur. Klubla üzbəüz 5 mərtəbəli binanın yerində poçt yerləşirdi. Kirovun da heykəli yaxınlıqda idi. Həmin Kirovun heykəli 1989-cu ilin noyabrında uçurulub çalanın qarşı tərəfində basdırılmışdır. Həmin küçələrdə çoxlu akasiya ağacları var idi. Ətri hər yeri bürüyürdü.

"Tuthatut" (repressiya) dövründə heç bilmədik kilsənin keşişini hara apardılar. Kilsəni isə söküb dağıtdılar. İndiki şəhər icra nümayəndəliyinin yaxınlığında keşişin yaraşıqlı evi vardı (keşişin yaşadığı ev 30-cu illərdən rus orta məktəbi olub. İndi o məktəbin yerində futbol stadionu yerləşir). Onun evini məktəb elədilər. Mən həmin məktəbdə təhsil almışam. Kilsədən bir az aralıda altı çayxana, qəlyanaltı, mağaza, üstü mehmanxana olan ikimərtəbəli bina vardı. Adına “Zinger Cabbarın qəstini” deyirdilər. Bazar da o ərazidə yerləşirdi. İndiki Səməd Vurğun adına klubun ərazisi bərbərxanalar olan yerə kimi bazar idi. Həmin əraziyə yaxın yerdə gözəl bir bağ vardı. Bağbanı da Atabala adlı şəxs idi. Bütün günü onu orada görmək olardı. Atabala kişi bağı elə yaraşığa mindirmişdi ki, Sabirabada gələn qonaqlar mütləq bu bağa baş çəkirdilər. Bir sözlə, 30-cu illərdə Sabirabad olduqca abad, yaraşıqlı idi. 

Bəndətma idarəsi yerləşən əraziyə indi “Ablavannı” deyirlər. Onda həmin yer”İncinarlıq” adlanırdı. Rayon mərkəzinə suyu da oradan verirdilər. Kürlə Arazın qovuşduğu ərazidə isə gəmilərin dayanmaq yeri vardı. Rayona barjlar vasitəsilə müxtəlif mallar gətirilirdi. “Ağa kişinin matoru” deyilən yer var idi. Oradan raykom və raispalkom binalarını və digər lazımi yerləri işıqlandırmaq məqsədilə elektrik enerjisi verilirdi. Sabirabadın ərazisi sıx meşəlik idi. Arazın kənarındakı meşə “Hacağa bəyin toğayı” adlanırdı. Meşədə vəhşi heyvanlar çox olurdu”.

Bulud Qurbanov daha sonra bunları söyləmişdi: “Sabirabad şəhərinin indiki GEM-in (əvvəlki poliklinikanın) ərazisindən köhnə aptek binasına kimi “Kərbəlayi Mejdunun passajı” vardı. Kərbəlayi Mejdunun ailəsi Şamaxıda baş vermiş zəlzələdən sonra Sabirabada köçüb gəlmişdi. Həmin əraziyə yaxın yerdə gözəl bir bağ salınmışdı. Sabirabada gələn qonaqlar mütləq bu bağa baş çəkirdilər. Bir sözlə, 30-cu illərdə Sabirabad olduqca abad və yaraşıqlı idi. Həm də o illərdə Sabirabadda əksər rəhbər vəzifələrdə zəlzələdən sonra buraya köçən Şamaxı sakinləri çalışırdılar. Yeri gəlmişkən, onu da deyim ki, indi “Şamaxılı məscidi” kimi tanınan ibadət evini də XX əsrin əvvəlində Şamaxı sakinləri inşa etmişdilər. 30-cu illərdə məscidin fəaliyyəti dayandırılmış, əvvəl tələbələr üçün yataqxana, sonralar isə taxıl anbarı kimi istifadə olunmuşdur. 1947-ci ildən məscid yenidən ibadətgah yerinə çevrilmişdir. ”. 

Bulud Qurbanov ikinci cahan savaşından sonrakı Sabirabadı belə xatırlayırdı:

-Müharibədən qayıtdıqdan sonra Sabirabadı çox miskin gördüm. İndiki Azərbaycan prospektindən (hazırda Heydər Əliyev prospekti) yağış, qar yağanda palçıqdan rezin çəkmə ilə belə keçmək mümkün olmurdi. Hər yan palçıq, bataqlıq idi. Tək-tük araba, bir-iki maşın var idi. Maşınlardan hansı biri bataqlığa düşsəydi, elə oradaca qalırdı. Onu çıxarmaq üçün gərək yer quruyaydı. Adamlar həddən artıq yoxsullaşmışdılar. Amma bütün bunlara baxmayaraq, insanlar bir-biriləri ilə çox mehriban idilər. 1949-cu ildən sonra Sabirabad yenidən dirçəlməyə başladı. Raykomun birinci katibi Xosrov Ağayevin və raispalkomun sədri, Kürkəndi kəndindən olmuş Əlif Həsənovun vaxtında Sabirabadda nəhəng tikinti işləri görüldü. Kənd təsərrüfatında canlanma oldu. 50-ci illərdə yolların abadlığı işlərinə başlandı. Müharibədən sonrakı illərdə rayon icraiyyə komitəsinin sədri vəzifəsində çalışmış ikinci qrup müharibə əlili İsmayıl Şıxəliyevin də abadlıq işlərində xüsusi əməyi olmuşdur.

Bulud Qurbanov sonrakı illərdə Sabirabadın abadlığı üçün çalışmış insanların da adlarını çəkmişdi:. 

“Uzun illər rəhbər vəzifələrdə işlədiyim illərdə 30-a qədər raykom, 30-dan çox raispalkom yola salmışam. Raykomun birinci katibləri Xosrov Ağayev, Soltan Əzizov rayon üçün çox iş görmüşlər. Onlar bütün sahələrə yaxşı nəzarət edirdilər. Məmməd Məmmədov təsərrüfatı dirçəltdi, Vilayət Seyidov abadlıq işləri gördü... “

Yazının əvvəlində qeyd etdiyim kimi, Bulud Qurbanovla bu söhbətimiz 28 il bundan əvvəl olmuşdu. Müharibə və əmək veteranı Sabirabadın keçmişindən danışarkən bunları da söyləmişdi:

“Sabirabadın keçmişi ilə indikində yerlə göy qədər fərq var. O vaxtlar Sabirabadda həkimləri barmaqla saymaq olardı. Malyariya xəstəliyi ilə Nazarenko familiyalı bir həkim məşğul olurdu. Müəllimlərin də sayı çox az idi. Çoxusu da Salyandan və başqa rayonlardan gəlmə idi. İndi hamısı yerli kadrlardır”.

Tuesday, May 7, 2024

Təbukda Peyğəmbərə (s.ə.a) sui-qəsd hadisəsi və münafiqlərin adları

 Təbuk səfəri bir neçə səbəbdən islam tarixinin ən diqqətə layiq hadisələrindəndir. Bu hadisəni yaddaqalan edən şeylərdən biri Hz.Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) İmam Əli (əleyhis-səlam) haqqında "Ey Əli! Mənim sənə olan nisbətim, Harunun Musaya olan nisbəti kimidir. Yalnız bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur." buyurmasıdır.

Bu ğəzvə İmam Əlinin (əleyhis-səlam) iştirak etmədiyi yeganə ğəzvə idi. Lakin bunu İmam Əli (əleyhis-səlam) özü istəməmişdir, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) qərarı idi. Məqsədi onu Mədinədə saxlamaq idi ki, ordunun ğəzvədə olduğu müddətdə şəriəti qoruyub saxlasın və pusquda gözləyən "münafiqlərə" qarşı sipər olsun. Rum imperatoru Heraklius müqəddəs Mədinə şəhərinə hücum etməyi planlaşdırmışdı. Bu xəbərlər fonunda, yolda olan ordunun Mədinəyə girişinin qarşısını almaq üçün hazırlıqlar görülmüşdü. Əvvəlki müharibələrdən fərqli olaraq, hansı ki, ölkə daxilində baş verirdi, müsəlmanların bu dəfə qarşılaşdıqları düşmən xaricdən idi. Müsəlman ordusu Mədinəni tərk edib Təbuka çatdıqda, orada bir neçə gün qaldılar. Uzun müddət gözlədikdən sonra düşmən ordusundan bir səs çıxmadı. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buna tam əmin olduqdan sonra orduya Mədinəyə qayıtmaq əmri verdi. Yolda Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) camaata geniş vadi ilə getmələrini söylədi, özü isə dar boğazdan keçmək üçün irəlilədi. Huzeyfə ibn əl-Yəman Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) dəvəsin ön iplərini, Əmmar ibn Yasir isə arxa iplərini saxlamışdı. 12 yaxud 15 nəfər münafiqdən ibarət bir qrupda onların arxasınca getdilər. Onlar planlaşdırmışdılar ki, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) dəvəsini hürkütsünlər və bununla da onu dərədən aşağı yuvarlatsınlar. Tanınmamaq üçün də üzlərini bağlamışdılar. Bir anda Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) qarşısını kəsərək dəvəsini hürkütməyə çalşdılar, lakin Əmmar və Hüzeyfə onların miniklərini qamçılayaraq Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) müdafiə etdilər və sui-qəsdə imkan vermədilər. Bununlar belə, münafiqlərin üzlərini görə bilmədilər. Lakin sonradan Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Hüzeyfəyə həmin münafiqlərin adlarını söylədi və bunu sirr olaraq saxlamasını tapşırdı.

Burada belə bir sual yarana bilər ki, əgər Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) Hüzeyfəyə bu işi gizli saxlamağı əmr etmişdisə, o zaman – sonradan da göstəriləcəyi kimi – Vəlid ibn Cumey və sair şəxslər bu hadisədən necə xəbər tutmuşdular?

Buna belə cavab verilər ki: Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) Hüzeyfəyə bu işi gizli saxlamağı əmr etməsi ilə sonradan Vəlid ibn Cumey və s. kimi şəxslərin bu işdən xəbər tutması arasında bir ziddiyyət yoxdur. Belə ki, Peyğəmbərin bu işi gizli saxlamaq əmri verməsi o həzrətin özünün həyatda olduğu müddət üçün keçərli idi. O həzrətin dünyadan köçməsindən sonra bu sirrin bəzi şəxslərə açıqlanmasının isə bu məsələ ilə bir ziddiyyəti yoxdur.

Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bu sirrin açıqlanmasının istəməməsinin səbəbinə gəlincə isə bu onunla bağlı idi ki, həmin şəxslər nüfuz sahibi kəslər idilər. Ümumi camaat arasında onların adlarının açıqlanması böyük məşəqqət və çətinliklərə səbəb ola bilərdi. Əgər Allah Rəsulu ona qarşı sui-qəsd edən bu münafiqlərin adlarını açıqlasa və onların qətlinə hökm versəydi, cahil ərəblər o həzrətə qarşı iftira atacaq, onun barəsində yanlış sözlər söyləcəklərdi. Bu isə öz növbəsində İslamın yayılmasına və müsəlmanların mövqelərinin güclənməsinə mənfi təsir göstərəcəkdi. İbn Kəsir öz təfsirində Əqəbə hadisəsini nəql edərkən Beyhəqinin “Dəlail ən-Nubuvvə”də gətirdiyi hədisi nəql edir və bu hədisdə deyilir:

قال : هؤلاء المنافقون إلى يوم القيامة ، وهل تدرون ما أرادوا ؟ قلنا : لا . قال : أرادوا أن يزحموا رسول الله في العقبة ، فيلقوه منها . قلنا : يا رسول الله ، أو لا تبعث إلى عشائرهم حتى يبعث إليك كل قوم برأس صاحبهم ؟ قال : لا ، أكره أن تتحدث العرب بينها أن محمدا قاتل بقوم حتى [ إذا ] أظهره الله بهم أقبل عليهم يقتلهم ، ثم قال : اللهم ارمهم بالدبيلة


...(Hüzeyfə deyir: ) Peyğəmbər dedi: “Bunlar qiyamət gününədək münafiqdirlər, bilirsiniz onlar nə istəyirdilər?” Dedik: “Xeyr.” Buyurdu: “İstəyirdilər ki, Allah Rəsulunu əqəbədə (dar keçiddə) sıxışdırsınlar və onu oradan (yerə) atsınlar.” Dedik: “Ey Allahın Rəsulu, nə üçün onların qəbilələrinə adam göndərmirsən ki, hər birisi öz adamlarının başlarını sənə göndərsinlər?” Dedi: “İstəmirəm ki, ərəblər öz aralarında danışıb desinlər ki, Muhəmməd bir dəstə şəxsi öldürdü. Elə ki, Allah onu onlara üstün etdi, o onları tutub öldürdü.” Sonra dedi: “İlahi, onları “dubeylə”1 ilə vur”...
 (Təfsir İbn Kəsir: c.4, səh.181)

Buna görə də Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) bu hadisənin öz sağlığında camaat arasında yayılmasını məsləhət görməmişdir. Lakin o həzrətin vəfatından sonra vəziyyət müəyyən mənada dəyişmişdi. Belə olan halda Hüzeyfə və Əmmar bu şəxslərin adlarını açıqlaya bilərdilər. Elə bəzi rəvayətlərdən də belə görünür ki, onlar bu şəxslərin adlarını açıqlamışlar. Məsələn, daha sonradan qeyd ediləcəyi kimi Vəlid ibn Cumey, habelə Əbu Tufeyl ("Səhihi-Müslim"in hədisinə əsasən) kimi şəxslər bu adlardan xəbərdar idilər. Vəlid ibn Cumey barədə az sonra məlumat veriləcək. Əbu Tufeylə gəlincə isə, onun bu şəxsləri tanımasını "Səhihi-Müslim"də gələn bir hədisdən başa düşə bilirik. Biz az sonra bu hədisi də qeyd edəcəyik. Hədisin əvvəlində Əbu Tufeyl deyir:

قال كان بين رجل من أهل العقبة وبين حذيفة بعض ما يكون بين الناس


“Əqəbə əhlindən olan şəxslərdən biri ilə Hüzeyfə arasında camaat arasında olan şeylərdən bir şey (yəni: ədavət) var idi. Həmin şəxs Hüzeyfəyə dedi...”

"Səhihi-Müslim"in şərhçisi Nəvəvi buradakı əqəbənin məhz Təbuk yolundakı əqəbə olduğunu qeyd edərək deyir:

وهذه العقبة ليست العقبة المشهورة بمنى التي كانت بها بيعة الأنصار رضي الله عنهم ، وإنما هذه عقبة على طريق تبوك


“Bu əqəbə Minadakı əqəbə deyil, hansı ki, orada ənsarın (radiyallahu anh) beyəti baş tutmuşdu. Bu məhz Təbuk yolundakı əqəbədir.”
 (Şərh ən-Nəvəvi: c.9, səh.158)

Deməli, bundan başa düşürük ki, "Səhihi-Mülsim"də gələn hədisdəki “əqəbə”dən məqsəd Təbuk yolundakı əqəbədir və Əbu Tufeyl də bu əqəbədə iştirak edən münafiqləri tanıyır! Çünki biz Əbu Tufeylin “əqəbə əhlindən olan şəxslərdən biri ilə Hüzeyfə arasında ədavət var idi” dediyini görürük. Sual veririk: görəsən Əbu Tufeyl həmin şəxsin əqəbə əhlindən olduğunu haradan bilirdi? Deməli, Allah Rəsulunun və Əhli-Beytinin (əleyhimus-səlam) həqiqi dostları olan Hüzeyfə və Əmmar bu sirri Əbu Tufeyl kimi Allah Rəsulu və Əhli-Beytinin dostları olan və güvənib etibar etdikləri şəxslərə açıqlayırdılar.

Bəli, məhz güvəndikləri şəxslərə açıqlayırdılar, bütün camaata deyil. Çünki əgər bütün camaata açıqlasaydılar, o zaman ölüm təhlükəsi ilə qarşı-qarşıya qala bilərdilər. Biz buna sübut kimi, əhli-sünnə kitablarında Hüzeyfədən nəql edilən bir neçə sözü misal göstərə bilərik:

Əl-Mizzi “Təhzib əl-Kəmal” kitabında Hüzeyfənin tərcümeyi halında belə qeyd edir:

عن قتادة: " قال حذيفة: لو كنت على شاطـئ نـهر، وقـد مـددت يـدي لأغـترف فحـدّثتكم بكلّ مـا أعلـم ما وصلت يدي إلى فمي حتّى أُقتل!! ". وقال عطاء بن السائب، عن أبي البختري: " قال حذيفة: لو حدّثتكم بحديث لكذّبني ثلاثة أثلاثكم ـ أي كلّكم ـ. قال: ففطن له شاب فقال: من يصدّقك إذا كذّبك ثلاثة أثلاثنا؟!


Qətadədən nəql olunur ki, Hüzeyfə dedi: 
Əgər mən bir çayın kənarında olsam və su götürməkdən ötrü əlimi suya uzatsam və bu halda bütün bildiklərimi sizə danışsam, o zaman əlim ağzıma çatmamış qətlə yetirilərəm!

Əta ibn əs-Saib demişdir: Əbul-Buxtəridən nəql edilir ki, Hüzeyfə dedi: “Əgər sizə bir hədis desəm, üçdə üçünüz məni inkar edərsiniz.” Yəni, hamınız. Ravi deyir: Bu zaman bir cavan onun nə dediyini başa düşdü və dedi: “Üçdə üçümüz səni inkar edəcəksə, onda səni kim təsdiq edəcək?” (Təhzib əl-Kamal, 5/507)

Deməli, aydın olur ki, Hüzeyfə və Əmmar öz canları barədə qorxuda olduqları üçün bildikləri şeyləri ümumi camaat üçün açıqlaya bilmirdilər.

Buna əsasən, xülasələrşdirib desək: işin gizli saxlanılması ilə bağlı verilən bu əmr Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) həyatda olduğu müddət üçün keçərli idi. Buna görə də hadisənin o həzrətin vəfatından sonra müəyyən şəxslərə nəql edilməsinin heç bir problemi yoxdur. Hətta biz deyə bilərik ki, o həzrətin sağ olduğu zamanda belə bəzi xüsusi və güvənilir şəxslərin bu məsələdən xəbərdar edilmələri tam mümkündür. Belə şəxslərə misal olaraq, Əhli-Beyti (əleyhimus-səlam) və onların yaxın dostları olan bəzi səhabələri göstərə bilərik. Əlbəttə, ümumi kütləyə yayıb ifşa etməmələri şərti ilə. Deməli, istənilən halda hadisənin xüsusi şəxslərə nəql edilməsində bir problem yoxdur.

Müqəddəs Qurani-Kərimdə buyurulur:

يَحْلِفُونَ بِاللَّهِ مَا قَالُواْ وَلَقَدْ قَالُواْ كَلِمَةَ الْكُفْرِ وَكَفَرُواْ بَعْدَ إِسْلَـمِهِمْ وَهَمُّواْ بِمَا لَمْ يَنَالُواْ وَمَا نَقَمُواْ إِلاَ أَنْ أَغْنَاهُمُ اللَّهُ وَرَسُولُهُ مِن فَضْلِهِ فَإِن يَتُوبُواْ يَكُ خَيْراً لَّهُمْ وَإِن يَتَوَلَّوْا يُعَذِّبْهُمُ اللَّهُ عَذَابًا أَلِيمًا فِى الدُّنْيَا وَالاٌّخِرَةِ وَمَا لَهُمْ فِى الاٌّرْضِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ


(Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər (imandan) üz döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!
 (Tövbə, 74)

İslamı qəbul etdikdən sonra kafir olan bu şəxslər kimlərdi? Bu ayə Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) sui-qəsd edənlər barədə nazil olmuşdu.

İbn Kəsir yazır:

وقال الإمام أحمد رحمه الله: حدثنا يزيد، أخبرنا الوليد بن عبد الله بن جميع عن أبي الطفيل قال: لما أقبل رسول الله صلى الله عليه وسلم من غزوة تبوك، أمر منادياً فنادى: إن رسول الله صلى الله عليه وسلم أخذ العقبة، فلا يأخذها أحد، فبينما رسول الله صلى الله عليه وسلم يقوده حذيفة، ويسوقه عمار، إذ أقبل رهط متلثمون على الرواحل، فغشوا عماراً وهو يسوق برسول الله صلى الله عليه وسلم فأقبل عمار رضي الله عنه يضرب وجوه الرواحل، فقال رسول الله صلى الله عليه وسلم لحذيفة: " قد قد " حتى هبط رسول الله صلى الله عليه وسلم فلما هبط نزل، ورجع عمار، فقال: " يا عمار هل عرفت القوم؟ " قال: لقد عرفت عامة الرواحل، والقوم متلثمون، قال: " هل تدري ما أرادوا؟ " قال: الله ورسوله أعلم، قال: " أرادوا أن ينفروا برسول الله صلى الله عليه وسلم راحلته فيطرحوه " قال: فسأل عمار رجلاً من أصحاب رسول الله صلى الله عليه وسلم فقال: نشدتك بالله كم تعلم كان أصحاب العقبة؟ قال: أربعة عشر رجلاً، فقال: إن كنت منهم، فقد كانوا خمسة عشر قال: فعذر رسول الله صلى الله عليه وسلم منهم ثلاثة، قالوا: والله ما سمعنا منادي رسول الله صلى الله عليه وسلم وما علمنا ما أراد القوم، فقال عمار: أشهد أن الاثني عشر الباقين حرب لله ولرسوله في الحياة الدنيا ويوم يقوم الأشهاد

وهكذا روى ابن لهيعة عن أبي الأسود عن عروة بن الزبير نحو هذا، وأن رسول الله صلى الله عليه وسلم أمر أن يمشي الناس في بطن الوادي، وصعد هو وحذيفة وعمار العقبة، فتبعهم هؤلاء النفر الأرذلون وهم متلثمون، فأرادوا سلوك العقبة، فأطلع الله على مرادهم رسول الله صلى الله عليه وسلم فأمر حذيفة، فرجع إليهم فضرب وجوه رواحلهم، ففزعوا ورجعوا مقبوحين، وأعلم رسول الله صلى الله عليه وسلم حذيفة وعماراً بأسمائهم وما كانوا هموا به من الفتك به صلوات الله وسلامه عليه، وأمرهما أن يكتما عليهم،

وما رواه مسلم أيضاً من حديث قتادة عن أبي نضرة عن قيس بن عباد عن عمار بن ياسر قال: أخبرني حذيفة عن النبي صلى الله عليه وسلم أنه قال: " في أصحابي اثنا عشر منافقاً لا يدخلون الجنة، ولا يجدون ريحها حتى يلج الجمل في سم الخياط: ثمانية منهم تكفيكهم الدبيلة؛ سراج من نار تظهر بين أكتافهم حتى ينجم في صدورهم "

ولهذا كان حذيفة يقال له: صاحب السر الذي لا يعلمه غيره، أي: من تعيين جماعة من المنافقين، وهم هؤلاء، قد أطلعه عليهم رسول الله صلى الله عليه وسلم دون غيره، والله أعلم،


İmam Əhməd demişdir: Bizə Vəlid ibn Abdullah ibn Cəmi, Əbu Tufeyldən xəbər verib dedi: Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Təbuk qəzvəsindən qayıdarkən əmr etdi ki, carçı belə səslənsin: “Allah Rəsulu əqəbədən2 keçəcək, heç kəs oradan keçməsin.” (Elə ki,) Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) (o yerdən keçirdi) və onun (dəvəsini) öndən Hüzeyfə çəkir, arxadan isə Əmmar sürürdü, bu zaman dəvələrin üzərində olan və üzləri örtülü olan bir dəstə şəxs gəlib Əmmarın üzərinə şığıdılar. Həmin vaxt Əmmar Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) dəvəsini arxadan sürürdü. Əmmar (radiyallahu anh) dönüb onların dəvələrinin üzlərinə vurmağa başladı. Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) isə Hüzeyfəyə dedi: “Sür, sür!” Nəhayət Allah Rəsulu (dağ keçidindən) endi və enincə dəvəsindən düşdü. Bu zaman Əmmar da qayıtdı. Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) ona dedi: “Ey Əmmar, onları tanıdın?” Əmmar dedi: “Mən bütün dəvələri tanıdım.3 Onların üzləri örtülü idi.” Peyğəmbər dedi: “Bilirsən nə istəyirdilər?” Əmmar dedi: “Allah və Rəsulu daha yaxşı bilər.” Dedi: “İstəyirdilər ki, Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) dəvəsini hürkütsünlər və onu dəvədən yerə yıxsınlar.”

Ravi deyir: “Əmmar Allah Rəsulunun səhabələrindən olan bir şəxsə sual verib dedi: “Səni and verirəm Allaha, (de görüm) əqəbədə hücum edən şəxslərin neçə nəfər olduğunu bilirsən?” Dedi: “On dörd nəfər idilər.” Əmmar dedi: “Sən də onlardan biri idinsə, o zaman on beş nəfər idilər!45

Onlardan üç nəfəri Allah Rəsuluna üzr gətirdilər və dedilər ki: “Allaha and olsun, Allah Rəsulunun carçısını eşitmədik və bu şəxslərin nə (etmək) istədiklərini bilmədik” .

Əmmar dedi: “Şəhadət verirəm ki, yerdə qalan on iki nəfər dünya həyatında da və şahidlərin gətiriləcəyi (qiyamət) gün(ün)də də Allaha və Rəsuluna düşməndirlər.”

Habelə, İbn Ləhiə bu hadisəni Əbul-Əsvəddən, o da Urvə ibn əz-Zubeyrdən bu şəkildə nəql etmişdir. Və göstərmişdir ki: Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) əmr etdi ki, camaat vadinin içi ilə getsin. Özü, Hüzeyfə və Əmmar isə keçidə qalxdılar. Bu rəzil şəxslər də üzləri bağlı vəziyyətdə onların ardınca düşdülər və keçiddən getmək istədilər. Allah onların istəklərini Peyğəmbərə xəbər verdi. Həzrət Hüzeyfəyə göstəriş verdi və Hüzeyfə geri dönüb onların dəvələrinin üzlərinə vurmağa başladı. Onlar qorxuya düşüb zəlil vəziyyətdə geri qayıtmalı oldular. Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Hüzeyfəyə və Əmmara onların adlarını və onların o həzrətə qarşı sui-qəsd etmək istədiklərini xəbər verdi. Və onlara əmr etdi ki, onları(n adlarını) gizli saxlasınlar.

Həmçinin, Müslim, Qətadənin hədisində Əbu Nəzrədən, o Qeys ibn İbaddan, o da Əmmardan belə nəql edir: “Mənə Hüzeyfə Peyğəmbərdən (sallallahu əleyhi [və alihi] və səlləm) xəbər verib dedi: Əshabım arasında on iki münafiq vardır ki, dəvə iynənin gözündən keçməyincə Cənnətə daxil olmayacaqlar və onun iyini belə duymayacaqlar. Onların səkkizinə (çox) “dubeylə” kifayət edəcək; o bir od şöləsidir ki, onların çiyinləri arasında zahir olacaq və sinələrinə batacaq.”

Buna görədir ki, Hüzeyfəyə “özündən başqa heç kəsin bilmədiyi sirrin sahibi” deyərdilər. Yəni, münafiqlərdən olan həmin dəstənin kimlikləri ilə bağlı sirrin sahibi. Onların kim olduğunu Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) yalnız ona bildirmişdi. Allah daha yaxşı bilər.”

Həmçinin, Təbəri Hafiz Əbu Bəkr əl-Beyhəqinin “Dəlailun-Nubuvvə” kitabından nəql edir ki, Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) buyurdu: “...Bu şəxslər qiyamət gününədək münafiqdirlər.”

Təfsir ibn Kəsir. c 4, s. 181 - 182; Dar Teybə, Riyad, Səudiyyə Ərəbistanı, 1420/1999; təhqiq: Sami ibn Muhəmməd əs-Sələmə

MÜNAFİQLƏR KİMLƏR İDİLƏR?

İbn Həzm yazır:

وأما حديث حذيفة فساقط لأنه من طريق الوليد بن جميع وهو هالك ولا نراه يعلم من وضع الحديث فإنه قد روى أخبارا فيها أن أبا بكر وعمر وعثمان وطلحة وسعد بن أبي وقاص رضي الله عنهم أرادوا قتل النبي صلى الله عليه وسلم وإلقاءه من العقبة في تبوك وهذا هو الكذب الموضوع


Hüzeyfənin hədisi etibarsızdır, çünki o, Vəlid ibn Cumey yolu ilə rəvayət edilmişdir ki, o, həlak olmuş bir şəxsdir! Biz onun bu hədisi kimin uydurduğunu bildiyini zənn etmirik. O bir sıra hədislər nəql etmişdir ki, bu hədislərdə Əbu Bəkr, Ömər, Osman, Təlhə və Səd ibn Əbi Vəqqasın Təbuk səfərində Peyğəmbəri (s.ə.a) əl-Əqəbə təpəsindən dərəyə ataraq öldürmək istədikləri bildirilr. Bu, uydurulmuş bir yalandır!


əl-Muhəlla, c. 11, s. 224; əl-Mətbəə əl-Muniriyyə, Misir, 1352/1931; təhqiq: Əhməd Muhəmməd Şakir

İbn Həzm açıqca bildirir ki, Vəlid ibn Cumey Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) sui-qəsd edənlərin adları açıqlandığı bir sıra rəvayətlər nəql etmişdir. Bəs hanı o rəvayətlər? Niyə biz bu gün onları əhli-sünnə kitablarında görmürük? Bu qədər kitablarda zəif, uydurma və sair qəbul edilməz rəvayətlər yazılıb, bunu da yazardılar bir zəif və ya uydurma rəvayət kimi. İbn Həzm bu rəvayətləri harda görüb ki, biz indi onları görə bilmirik? Necə olur ki, İbn Həzm kimi təəssübkeş birisi belə bu rəvayətlərdən xəbərdar olur, lakin bu rəvayətlər bu günümüzədək gəlib çıxmır? Kimdir bu rəvayətləri aradan aparan?

VƏLİD İBN CUMEYİN RƏVAYƏTİ "SƏHİH MÜSLİM"DƏ

"Səhih Müslim" Müslim ibn Həccac tərəfindən toplanan hədis külliyatıdır. Əhli-sünnə arasında onun kitabı Peyğəmbər sünnəsi barədə ən səhih kitablardan biri hesab edilir və əl-Buxarinin "Səhih"i ilə birlikdə "Səhiheyn" (iki səhih) adlanırlar.

Nəvəvi deyir:

إنّ أصح الكتب بعد القرآ ن الصحيحان: البخاري ومسلم


“Qurandan sonra kitabların ən səhihi Buxarinin və Müslimin “səhih” kitablarıdır.”
 (Şərhu-Sahih Muslim, 1/128)

İbn Həcər əl-Məkki deyir:

الصحيحان هما أصح الكتب بعد القرآن بإجماع من يعتدّ به


“İki səhih kitabı dəyərli (və elmi çəkisi olan) şəxslərin icmasına əsasən ən səhih kitablardırlar.”
 (əs-Səvaiq əl-Muhriqə, 1/31)

İmamul-Hərəmeyn əl-Cuveyni demişdir:

لو حلف إنسان بطلاق امرأته أن ما في كتابي البخاري ومسلم مما حكما بصحته من قول النبي صلى الله عليه وسلم لما ألزمته الطلاق ، ولا حنثته ، لإجماع علماء المسلمين على صحتهما


“Əgər bir nəfər xanımının təlağı üzərinə and içsə ki, Buxarin və Müslimin kitablarında gələn və onların səhihliklərinə hökm etdikləri hədislər Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) sözləridir, ona talaq vacib bilmərəm və onun bu andını günah hesab etmərəm. Ona görə ki, müsəlman alimləri bu iki kitabın səhihliyi barəsində icma etmişlər.”
 (Siyanətu-Sahih Muslim, səh.86; Hafiz Əbu Əmr ibn Səlah öz sənədi ilə nəql edir.)

Səhih Müslimin əhli-sünnə yanında mövqeyini müəyyən etdikdən sonra Təbuk barədə Vəlid ibn Cumeyin Huzeyfə haqqında nəql etdiyi və münafiqlərin adlarını açıqca söyləmədiyi bir hədisə diqqət yetirək:

حدثنا زهير بن حرب حدثنا أبو أحمد الكوفي حدثنا الوليد بن جميع حدثنا أبو الطفيل قال كان بين رجل من أهل العقبة وبين حذيفة بعض ما يكون بين الناس فقال أنشدك بالله كم كان أصحاب العقبة قال فقال له القوم أخبره إذ سألك قال كنا نخبر أنهم أربعة عشر فإن كنت منهم فقد كان القوم خمسة عشر وأشهد بالله أن اثني عشر منهم حرب لله ولرسوله في الحياة الدنيا ويوم يقوم الأشهاد وعذر ثلاثة قالوا ما سمعنا منادي رسول الله صلى الله عليه وسلم ولا علمنا بما أراد القوم وقد كان في حرة فمشى فقال إن الماء قليل فلا يسبقني إليه أحد فوجد قوما قد سبقوه فلعنهم يومئذ


Bizə Zuheyr ibn Hərb nəql edib (dedi): bizə Əbu Əhməd əl-Kufi nəql edib (dedi): bizə Vəlid ibn Cumey nəql edib (dedi): bizə Əbu Tufeyl nəql edib dedi: “Əqəbə əhlindən olan şəxslərdən biri ilə Hüzeyfə arasında camaat arasında olan şeylərdən bir şey var idi.7 Həmin şəxs Hüzeyfəyə dedi: “Səni and verirəm Allaha, (de görüm) Əqəbə camaatı neçə nəfər idilər?” Əbu Tufeyl deyir: Camaat ona dedi ki, daha sual verib, cavab ver. Hüzeyfə dedi: Bizə deyirdilər ki, onlar on dörd nəfər olublar, əgər sən də onlardansansa, o zaman on beş nəfər olublar. Allaha şəhadət verirəm ki, onlardan on iki nəfəri dünyada Allaha və Allah Rəsuluna döyüş açdılar və şahidlərin şəhadət verəcəyi gündə də bu şəkildə (məhşərə gələcəklər). Onlardan üç nəfəri isə üzr gətirib dedilər: “Allah Rəsulunun carçısını eşitmədik və bu şəxslərin nə (etmək) istədiklərini bilmədik.” O zaman Allah Rəsulu isti havada idi.8 O yeridi və dedi: “(Növbəti dayanacaqda) su azdır, heç kəs məndən qabaq onun yanına varmasın.” Lakin (oraya çatdıqda) gördü ki, bir dəstə şəxs ondan qabaq oraya çatıblar və buna görə də onları lənətlədi.”

Səhih Müslim. s. 1282, h. 2879; Dar Teybə, Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Nəzər b. Muhəmməd əl-Qurtubi

VƏLİD İBN CUMEYİN RİCAL ELMİNDƏ YERİ

Əl-Mizzi yazır:

الوليد بن عبدالله بن جميع الزهري الكوفي ، والد ثابت بن الوليد بن عبدالله بن جميع ، وقد ينسب إلى جده أيضا .

قال عبدالله بن أحمد بن حنبل عن أبيه ، وأبو داود : ليس به بأس .

وقال إسحاق بن منصور ، عن يحيى بن معين : ثقة

وكذلك قال العجلي

وقال أبو زرعة : لا بأس به

وقال أبو حاتم : صالح الحديث .

وقال عمرو بن علي : كان يحيى بن سعيد لا يحدثنا عن الوليد بن جميع ، فلما كان قبل موته بقليل حدثنا عنه

وذكره ابن حبان في كتاب " الثقات "

روى له البخاري في " الادب " والباقون سوى ابن ماجة .


Vəlid ibn Abdullah ibn Cumey əl-Zuhri əl-Kufi. Sabit ibn Vəlid ibn Abdullah ibn Cumeyin atasıdır. Həmçinin, babasına da nisbət edilir (yəni: adına Vəlid ibn Abdullah yox, Vəlid ibn Cumey də deyilir-red.).

Abdullah ibn Əhməd ibn Hənbəl atasından nəql edərək demişdir və həmçinin Əbu Davud demişdir: Onda bir problem yoxdur.

İshaq ibn Mənsur Yəhya ibn Məindən nəql edərək demişdir: Siqədir.

əl-İcli də belə demişdir.

Əbu Zəra demişdir: Onda bir problem yoxdur.

Əbu Hatəm demişdir: Salihul-hədisdir (hədisləri yaxşıdır).

Əmr ibn Əli demişdir: Yəhya ibn Səid bizə Vəlid ibn Cumeydən hədis nəql etməzdi. Lakin ölümünə az qalmış bizə ondan hədis nəql etdi.

İbn Hibban onu “Siqat” (siqələr) kitabında qeyd etmişdir.

Buxari “əl-Ədəb”də ondan hədis nəql etmişdir, həmçinin də başqaları. Bircə İbn Macədən başqa.

Təhzib əl-Kəmal, c.31, s.35-37; Müəssisə ər-Risalə, Beyrut, 1403/1983; təhqiq: Bəşşar Avvad Məruf

İbn Səd deyir:

الوليد بن عبد الله بن جميع الخزاعي من أنفسهم ، وكان ثقة ، وله أحاديث .


Əl-Vəlid ibn Abdullah ibn Cumey əl-Xuzai onlardan (4-cü təbəqədən) biridir. O siqədir və çox sayda hədisləri var.

Təbəqat əl-kəbir, c.8, s.473; Məktəbə əl-Xanci, Qahirə, Misir, 1421/2001; təhqiq: Əli Muhəmməd Ömər

Yəhya ibn Məin deyir:

قال: و سمعت يحيي يقول: (الوليد بن جميع) ثقة، و هو زهري مأمون مرضي.


Dedi: Yəhyanın belə dediyini eşitdim: 
Vəlid ibn Cumey siqədir. O, Zuhridir, etibarlıdır, razı qalınmışdır.”

Mərifət ər-Rical. c. 1, s. 97; Dəməşq Ərəb Dili Akademiyası, Suriya, 1405/1985; təhqiq: Muhəmməd Kamil əl-Qəssar

Bu cür böyük alimlərin dilindən Vəlid ibn Cumey haqqında deyilən tərifləri necə gözardı edərək onun rəvayətlərini şübhə altına almaq olar ki? Bəziləri deyə bilər ki, bu şiələrin spekulyasiyasıdır və o münafiqlərin adları müəyyən edilə bilməz. Çox maraqlıdır ki, Ömər ibn əl-Xəttab özü Huzeyfəyə "Mən də o münafiqlərin içindəyəm?" deyə sual verirdi.

İbn Həcər əl-Əsqəlani yazır:

وحذيفة أحد أصحاب النبي صلى الله عليه وسلم الأربعة عشر النجباء، كان النبي صلى الله عليه وسلم أسر إليه أسماء المنافقين، وحفظ عنه الفتن التي تكون بين يدي الساعة، وناشده عمر بالله: أنا من المنافقين قال اللهم لا، ولا أزكي أحداً بعدك.

وقال مسدد : ثنا يحيى ، عن الأعمش ، عن زيد بن وهب ، قال : سمعت حذيفة رضي الله عنه ، يقول : " مات رجل من المنافقين فلم أصل عليه ، فقال عمر رضي الله عنه : ما منعك أن تصلي عليه ؟ قلت : إنه منهم ، فقال : أبالله منهم أنا ؟ قلت : لا . قال : فبكى عمر رضي الله عنه " إسناده صحيح ، وقد استنكره يعقوب بن سفيان من حديث زيد بن وهب


“Hüzeyfə Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) on dörd nəcib (alicənab) səhabəsindən biridir. Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) ona münafiqlərin adını sirr vermişdir. O, Peyğəmbərdən qiyamətə yaxın zamanda baş verəcək fitnələri hifz etmiş (yadda saxlamış)dır. Ömər onu Allaha and verərək demişdir ki: “Mən münafiqlərdənəmmi?” O isə demişdir ki: “İlahi, xeyr. Səndən sonra heç kəsə təmiz deyə bilmərəm”.

Musəddəd demişdir: bizə Yəhya, Aməşdən, o da Zeyd ibn Vəhəbdən belə nəql etmişdir: Hüzeyfə radiyallahu anhın belə dediyini eşitdim: Münafiqlərdən bir nəfər öldü, mən ona namaz qılmadım. Ömər dedi: “Sənə ona namaz qılmağa nə mane oldu?” Dedim: “O onlardan idi.” Ömər dedi: “Allaha and verirəm, mən də onlardanam?” Dedim: “Xeyr.” Ömər ağladı.” İsnadı səhihdir. Yaqub ibn Süfyan Zeyd ibn Vəhəbin hədisini münkər bilmişdir.”

İbn Həcər, Mətalib əl-Aliyə, c. 14, s. 702; Dar əl-Asimə/Dar əl-Ğəys, Riyad, Səudiyyə Ərəbistanı; Səd ibn Nasir ibn Əbdül-Əziz əş-Şəsri

Ömərin bu sualları qarşısında Huzeydə "Yox, sən onlardan deyilsən!" - deyə cavab verirdi. Məgər Ömər özü bilmirdi ki, həmin gecə Əqəbədə idi ya yox? Məgər Ömər özünün münafiq olub-olmadığını bilmirdi? Huzeyfə bu məsələni ondan gizlədirdi. Görəsən niyə? Cavab aydındır, təbii ki, öz həyatını qorumaq üçün.

Təsəvvür edin ki, Huzeyfə Ömərə "bəli, sən o münafiqlərdən birisən" deyə cavab verir. Ömər onu həyatda saxlayardımı? Huzeyfənin bu cavabı qeyri-adi qarşılanmamalıdır. Başqa bir hadisədə Huzeyfə Osman haqqında dediklərini inkar edir və Allaha and içir. O, həqiqəti gizlədir və deyir ki, mən dinimin bir hissəsini digər bir hissəsi ilə qoruyuram:

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ نُمَيْرٍ ، عَنِ الْأَعْمَشِ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ مَيْسَرَةَ ، عَنِ النَّزَّالِ بْنِ سَبْرَةَ ، قَالَ : دَخَلَ ابْنُ مَسْعُودٍ وَحُذَيْفَةُ عَلَى عُثْمَانَ , فَقَالَ عُثْمَانُ لِحُذَيْفَةَ : بَلَغَنِي أَنَّكَ قُلْتَ : كَذَا وَكَذَا ؟ ، قَالَ : لَا وَاللَّهِ مَا قُلْتُهُ , فَلَمَّا خَرَجَ ، قَالَ لَهُ عَبْدُ اللَّهِ : سَأَلَكَ فَلِمَ تَقُولُهُ مَا سَمِعْتُكَ تَقُولُ ؟ قَالَ : " إنِّي أَشْتَرِي دِينِي بَعْضَهُ بِبَعْضٍ مَخَافَةَ أَنْ يَذْهَبَ كُلُّهُ " .


Bizə Abdullah ibn Zubeyr Aməşdən, o Əbdül-Məlik ibn Məsirədən, o da Nizal ibn Səbrədən belə nəql etdi: 
“Hüzeyfə və İbn Məsud Osmanın yanına daxil oldular. Osman Hüzeyfəyə dedi: “Mənə çatıb ki, sən belə-belə sözlər demisən.” Hüzeyfə dedi: “Xeyr, Allaha and olsun ki, deməmişəm.” Elə ki, (Osman otaqdan) çıxdı, Abdullah ona dedi: “O səndən (dediyin sözü) soruşdu, amma sən demədin. O nə söz idi eşitdim səndən?” Hüzeyfə dedi: “Mən dinimin hamısı əldən gedər deyə onun bir hissəsini bir hissəsi ilə satın aldım (bir hissəsini başqa bir hissəsi ilə qorudum)”.

Əl-Musənnəf ibn Əbi Şeybə, c. 11, s. 359 - 360; Məktəbə ər-Rüşd, Riyad, Səudiyyə Ərəbistanı, 1425/2004; təhqiq: Həmmad ibn Abdullah əl-Cumua və Muhəmməd ibn İbrahim əl-Həydan

Bunu həmçinin, İbn Qeyyim əl-Cövziyyə, “İlamul-Muqiin” kitabında, 5/119-da, İbn Quteybə “Təvilu muxtələfil-hədis” kitabında, səh.72-də, əl-Xəsaf “əl-Hiyəl” kitabında səh.2-də, Əbu Nəim də “əl-Hilyə” kitabında, 1/279-da müxtəlif sənədlərlə nəql etmişlər. Rəvayətin sənədləri içərisində İbrahim ibn Mənveyhlə olan sənəddən başqa digər sənədləri səhihdir.

HUZEYFƏ ƏBU MUSA ƏL-ƏŞƏRİNİN MÜNAFİQLƏRDƏN BİR OLDUĞUNU DEYİR

الأعمش ، عن شقيق قال : كنا مع حذيفة جلوساً، فدخل عبد الله وأبو موسى المسجد فقال: أحدهما منافق ثم قال: إن أشبه الناس هدياً ودلاً وسمتاً برسول الله صلى الله عليه وسلم عبد الله .


Aməşdən, Şəqiqdən onun belə dediyini rəvayət etdi: Bir gün Huzeyfə ilə oturmuşduq. Bu vaxt Abdullah (ibn Məsud) ilə Əbu Musa (əl-Əşəri) məscidə daxil oldular. Huzeyfə dedi: 
Onlardan biri münafiqdir. Sonra dedi: İnsanlar arasında davranış və hal baxımından Peyğəmbərə (s) ən çox bənzəyən Abdullahdır.

Şəmsuddin əz-Zəhəbi, Siyər əlam ən-nubəla, c.2, s.393-394; Muəssiə ər-Risalə, Beyrut, 1996/1417; təhqiq: Şueyb əl-Arnaut

Bu rəvayət qarşısında Zəhəbi deyir ki, Aməş zəif ravi hesab edilir və şiə olmaqda təqsirli bilinib. Daha sonra qeyd edir ki, rafizilər Əbu Musa Əşərini sevmirdilər, çünki o, İmam Əlinin (əleyhis-səlam) iştirak etdiyi heç bir müharibədə olmayıb və nəticə olaraq, onun xilafətini dəstəkləməyib. Şuəyb əl-Arnaut da haşiyədə Huzeyfənin bu sözləri əsəbdən dediyini qeyd edərək, məsələyə başqa cür don geyindirməyə çalışmışdır.

Lakin göründüyü kimi, bu addımlar sadəcə olaraq, bəzi səhabələrin cinayətləri ört-basdır etməkdən ötrü atılmış addımlardır.


1 Mənası daha sonra aydın olacaq. Müt.

2 Əqəbə: çətin aşılan dağ keçidi; dar dağ yolu. Müt.

3 Yaxud: dəvələrin əksəriyyətini tanıdım. Müt.

4 Yəni: səni də onlardan saydığımız zaman on beş nəfər idilər. Müt.

5 Zahirən rəvayətin bu hissəsində yanlışlıq var. Belə ki, bu rəvayətə əsasən “səni and verirərm Allaha, (de görüm) əqəbədə hücum edən şəxslərin neçə nəfər olduğunu bilirsən?” sualını verən şəxs Əmmar ibn Yasir (radiyallahu anh)-dır. Amma digər rəvayətlərdən aydın olur ki, əslində bu sualı verən şəxs Əmmar yox, əshabdan olan bir şəxsdir. Bu anlaşılmazlıq rəvayətdə gələn “səələ” felinə və bu feldən sonra məfulun bih halında gələn “raculən” sözünə görə yaranmışdır. Qeyd etmək lazımdır ki, rəvayətin bəzi nüsxələrində “səələ” feli yox, “səra” feli gəlmişdir. Belə olunca isə bizim dediyimiz məna sabit olmuş olur və rəvayətin bu hissəsinin tərcüməsi belə olur: “Əmmar Allah Rəsulunun səhabələrindən olan bir şəxsin yanından keçirdi. Bu zaman həmin şəxs ona dedi: “Səni and verirərm Allaha, (de görüm) əqəbədə hücum edən şəxslərin neçə nəfər olduğunu bilirsən?” Əmmar dedi: “On dörd nəfər idilər.” Sonra dedi: “Sən də onlardan biri idinsə, o zaman on beş nəfər idilər.” Müt.

6 Yaxud: Allah Rəsulu onlardan “Allaha and olsun, Allah Rəsulunun carçısını eşitmədik və bu şəxslərin nə (etmək) istədiklərini bilmədik” deyən üç nəfər şəxsin üzrünü qəbul etdi. Müt

7 Bununla mübahisə və ya ədavəti nəzərdə tutur. Yəni, insanların öz aralarında bir-birləri ilə mübahisə və ədavətləri olduğu kimi Hüzeyfə ilə Əqəbə münafiqlərindən biri arasında da da belə bir mübahisə və ədavət var idi. Müt.

8 Yaxud: Hərrə məntəqəsində idi. Müt.

313news.net


Mənbə:

https://www.az.313news.net/article/sehabe/tebukda-peygembere-sea-sui-qesd-hadisesi-ve-munafiqlerin-adlari