Sunday, June 21, 2020
Cavad xanlığı
Bir çox Azərbaycan xanlıqları kimi Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. İndiki Azərbaycan Respublikasının ərazisində Qarabağ xanlığı ilə Şamaxı xanlığının və Salyan sultanlığının arasında yerləşirdi. Cavad xanlığı 1747-ci ildə yaradılmışdır. Mərkəzi Cavad qalası idi.
Cavad xanlığının mərkəzi Araz çayının kəsişdiyi nöqtədə, Kür çayının sol sahilində və Şamaxının cənub-qərbində yerləşən Cavad qala şəhəridir. Çulkova görə "Cavadın bu əsas ərazisi böyük yaşayış yeridir".
Xanlıq qərbdə Qarabağ və Qaradağ xanlığı,şimalda Şamaxı xanlığı,cənubda Talış xanlığı,şərqdə isə Salyan sultanlığı ilə əhatə olunmuşdur.Muğan əsasən Cavad xanlığına aid idi. Q.B.Abdullayevin yazdığına görə "Cavad xanlığı nisbətən kiçik idi və əslində sultanlığın ölçüsünü aşmırdı".
Cavad xanlığı könüllü surətdə Quba xanlığından asılılığı qəbul etdi. Lakin Cavadda xan hakimiyyəti saxlanıldı.
Bu hadisə Quba xanlığın ərazisinin genişlənməsi ilə yanaşı onun əhalisinin say dinamikasına da müəyyən təsir göstərdi. Tarixi qaynaqlar Cavad xanlığının könüllü olaraq Quba xanlığına birləşməsinin bu xanlığın əhalisinin kəmiyyət və keyfiyyətinə müsbət təsir göstərməsini qeyd edir. Muğan əhalisi XVIII əsrin 60-80-ci illərində stabil siyasi mühit şəraitində yaşamağa müvəffəq oldu. Cavad xanlığının tarixi qısa dövrü əhatə edir və hər hansı diqqəti cəlb edən hadisələrlə seçilmir, lakin, buna baxmayaraq XVIII əsrdə Azərbaycanda mövcud olmuş xanlıqlar sistemində onun mövcudluğunu inkar etmək mümkün deyildir. Cavad xanlığının tarixi mənzərəsini müəyyən etmək üçün tarix ədəbiyyatında və arxiv sənədlərində çox müxtəsər, məhdud və dağınıq məlumatlar saxlanılmışdır. Cavad xanlığının əhali tarixi haqqında qaynaqlar olduqca məhdud və epizodikdir. Buna baxmayaraq, əldə olan tarixi materiallar əsasında Cavad xanlığının Şimal-Şərqi Azərbaycan siyasi birliyində olan əhali payını müəyyən etməyə cəhd etmək olar. XVI əsrdə, hətta bir qədər ondan əvvəl siyasi vahid kimi tarix səhnəsinə çıxan Cavad XVIII əsrin ortalarında yarımmüstəqil xanlığa çevrilmişdi.Xanlığın mərkəzi Kür və Araz çaylarının qovuşduğu yerdə yerləşən Cavad şəhəri idi (Hal-hazırda həmin yerdə Sabirabad rayonunun Cavad kəndi yerləşir). Cavad xanlığı şimaldan Şamaxı xanlığı, cənubdan Talış xanlığı, şərqdən Salyan hakimliyi, qərbdən isə Qarabağ xanlığı ilə həmsərhəd idi. Şahsevənlərin və digər türk elat tayfalarının daimi qışlaq yeri olan Muğan düzənliyinin Cavad xanlığının tərkibində olması bu xanlığa xüsusi mövqe qazandırırdı. Qeyd etmək lazımdır ki, mənbələrdə Cavad xanlığı bəzən Muğan xanlığı kimi də göstərilməkdədir.
Muğan düzündə və Cavad şəhərində yaşayan əhalinin demoqrafik vəziyyətinə əsaslı təsir göstərmiş tarixi hadisələrdən biri də Gilan xanı Hidayət xanın 1778-ci ildə bu bölgəyə hücumu ilə bağlıdır. P.Q.Butkov yazır ki, 1768-ci ildə Şamaxının ardınca "... Cavad xanı (Fətəli xan) da ondan asılı vəziyyətə düşdü".
Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının xanı Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi. Cavad Quba xanlığın bir hissəsi olandan sonra Quba xanı Fətəli xan Taleh Həsən xanı şahsevənlərin başçısı təyin etdi. İstər yerləşməsi, istərsə də hərbi-strateji baxımdan əhəmiyyətli olan Muğanın xanlığa qatılması sonuncunun getdikcə güclənməsi demək idi. Xanlığı birləşdirməklə Quba xanı cənubi Azərbaycan xanlıqları, döyüşkən elatları, həmçinin Şəki, Qarabağ, Qaradağ və Ərdəbil könüllüləri ilə təmasda ola bilərdi. Muğan uzun illər müxtəlif xanlıqlar arasında mübarizə obyekti olmuşdu. 1758-ci ildə Qarabağın və Şəkinin birləşmiş qoşunları Muğan uğrunda Astrabad və Mazandaran hakimi Məhəmmədhəsən xan Qacar ilə döyüşmüşdülər. Muğanın Quba xanlığının himayəsinə daxil olaraq özü üçün xarici basqınlara qarşı etibarlı dayaq əldə etdi.
Qubalı Fətəli xanın dövlətçilik mənafeyini üstün tutaraq böyük dövlətlər (Rusiya, Qacarlar, Osmanlı) arasnıda diplomatik manevr siyasətini Quba xanının rəqibləri qəbul etmirdi. Fətəli xanın Muğan düzənliyini və Cavad xanlığını öz torpaqlarına birləşdirməsi bir sıra Cənubi Azərbaycan xanlıqlarının mənafeyinə uyğun gəlmirdi. Belə ki, yuxanda göstərilən xanlıqların əhalisinin köçmə maldarlıqla məşğul olan tərəkəmə hissəsinin ənənəvi qışlaq yeri olan Muğançölün böyük bir hissəsinin Fətəli xanın nəzarəti altına düşməsi, eyni zamanda Ərdəbildən və Muğandan şahsevənlərin müəyyən qisminin Quba xanlığına köçürülməsi Gilan, Ərdəbil,Qaradağ və digər xanlıqların mənafeyinə uyğun gəlmirdi. Əvvəllər Quba xanlığına qarşı diplomatik fitnəkarlıqla məşğul olan bir sıra Cənub xanlıqları Fətəli xanın 1774-cü ildə Gavduşan vuruşmasındakı məğlubiyyətindən bir qədər sonra açıq hərbi müdaxiləyə başladılar.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment