Ata tərəfdən nəslim
Əcdadlarımın mənsub olduğu Saatlı (Səədli) oymağı orta əsrlərdə həm də indiki Ermənistanı əhatə etmiş Qaraqoyunlu dövlətinin Çuxursəəd əyalətinin əmiri Səədin adı ilə bağlı olub Arpa çayının aşağı axarı və Arazın sol sahili Çuxursəəd adlanmış bölgəsində türk ellərinin ümumi adı idi. Həmin ellər Əmir Səədə məxsus idi. Tarixi qaynaqlar Əmir Səəd övladlarının Qaraqoyunlu (Baharlı oymağı) hökmdarlarıyla əmiuşağı olduğunu göstərir. Hər iki oymağ Oğuz xaqan dastanına görə oğuz türklərinin 24 boyundan biri və Mahmud Qaşqarlıya görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki oğuz bölüyündən dördüncüsü olan Yıva boyuna aid idi.
![]() |
Oğuzların "Yıva boyu"nunun rəmzi |
XIX əsrdə Tiflis quberniyasının Borçalı qəzasında (indi Dmanisi rayonunda) Saatlı, İrəvan əyalətində Saatlı (üç kəndin adı) və indi Azərbaycanın Saatlı rayonun adları ilə mənşəcə eynidir. Saatlı orta əsrlərdə türk/azərbaycanlı ellərindən birinin adıdır. Ulu babalarım Abdullah və onun ata-babası Şuşa şəhərinin Saatlı məhəlləsindən Muğana (Şirvan əyaləti) köçüblər. Köçün səbəbi böyük ehtimala görə 1795-ci ildə Qarabağa Ağaməhəmməd xan Qacarın (1742-1797) hücumu zamanı Qarabağ xanı İbrahimxəlil xan (1732-1806) həmin obaları Şirvan xanlığına (və ya əyalətinə) (Muğan artıq bu xanlığa tabe idi) göndərdi. Qarabağlı İbrahimxəlil xan Şirvan xanı Mustafa xanın (1768-1844) hakimiyyətə gəlməsində kömək etmişdi. Amma bu obaları İbrahimxəlil xanın təkidlərinə rəğmən Mustafa xan geri qaytarmadı.
1795-ci ildə İbrahimxəlil xan Ağaməhəmməd xan Qovanlı-Qacarın Qarabağa yürüşünü eşidib müdafiəyə hazırlaşmağa başladı. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazır: "(Buna görə İbrahim xan) Qarabağ ellərinin bir parasını Tiflisə, bir parasını isə Şirvan vilayətinə özü təyin etdiyi Mustafa xanın yanına göndərdi".
İbrahimxəlil xan Sisianovla aranı düzəldəndən sonra Muğan torpaqlarına və Şirvanda qalan Qarabağ obalarına görə Mustafa xana qarşı iddia irəli sürdü. Knyazla yazışmağa başlayıb, elçi göndərdi. Elçi kimi Vərəndə məliyi Məlik Cümşüdü yolladı. Onunla göndərdiyi məktubunda yazırdı: "Şirvanlı Mustafa xanla danışıqlara və onun sizə ünvanladığı tərs cavablarına gəldikdə onu aydınlaşdırmağa izin verdiyiniz üçün təşəkkür edib, əlahəzrətin məktubunu almaq şəraitinə nail oldum. Hər şey haqqında xəbərim var, yəni, Mustafa xan yazır ki, Şirvanda olan Qarabağ ailələri üç hissəyə bölünüblər. Cavad və Muğan Şirvana məxsusdur. Əgər kimsə kiməsə üç ya dörd il ruzi verirsə, onda onu mənimsəmək olarmı? Əgər mənimsəmək olarsa, onda istər Mustafa xanın atası, istərsə də Mustafa xanın özü bizim süfrəmizin qırağında güzəran keçiriblər. Çünki bu nəinki Mustafa xanı, hətta onun atasını, bütün qohumları ilə birlikdə on, ya da on beş il bizim torpaqda dolanırdıq. Axırda, hətta onlara müavinət verərək onların xanlığı təsdiq edilən Şirvana göndərdim".
![]() |
Yıva boyuna məxsus Səədli oymağının yayılma arealı |
Onların törəmələri indiki Saatlı rayonunun Mollavaizli, Minbaşı, Qıraqlı və Saatlı şəhərində yaşayırlar. Ulu babam Abdulla bəyin atasının adı Məhəmmədxəlif bəydir. Abdulla bəyin bir oğlunun adı Cəfər bəydir. Cəfərin qəbri ehtimala görə Minbaşı (Saatlı rayonu) kəndində olmalıdır.
Onun oğlu Məşədi Rzanın Musaxan (1908-?), Talıbxan (1910-31.12.1975), İsaxan (1918-1986) və İsbərxan adlı oğulları və Şirin və Şəkər adında iki qızları olub. İki qızı (yaş fərqi 1-2 il) uşaqkən xəstəlikdən vəfat edib. Məşədi Rza (1883-1947) indiki dövrdə kənd icra nümayəndəsinə bənzər "yüzbaşı"vəzifəsini daşıyıb. Əli-Bayramlıda (indiki Şirvan) poçt müdiri vəzifəsində də işləyib. Atasından qalan mağazası da olub. Dediklərinə görə "baməzə" və "hökm sahibi" kişi olub. Gözləri mavi-yaşıl olub. Onun ikinci oğlu Talıbxan dul olmuş ikinci xanımından olan övladıdır. İlk xanımı mənim ulu nənəm Salatın xanımdır. Qardaşının adı Həsənxan və bilinən bir bacısı da (Səadətin anası) olub. Babam İsaxanın xalaları Xavər və Bəyim Sabirabadda evlənib və yaşayıb. Xavərin övladlarının adı Sürayə və Bikədir. Onlar da Sabirabad şəhərində yaşayıblar. Babamın dayısı Xalıq Qırağlıda (Saatlı rayonu) yaşayırmış və babam xarici görünüşdən ona bənzəyirmiş. Babam İsaxanın əmisi,yəni,ulu babam Məşhədi Rzanın qardaşı Həsənxanın uşaqlarından Hüseyn, Ağabikə, Balabikə və Qaraxanım olub. Babam İsaxanın Həsənxan əmisindən başqa Kərim adlı əmisi də varmış. Və Kərim əminin qızı Gülbikə Talıb əmiylə (əmoğlusu) evlənib, Hafizə adlı qızı isə Musaxan əminin oğlu Namizlə (əmisi nəvəsi) evlənib. Məşhədi Rzanın qəbri Qıraqlı qəbristanlığındadır.
![]() |
Məşhədi Rza Cəfər oğlu (1883-1947) |
Onun oğlu İsaxan mənim babamdır. 1918-ci ildə Muğan mahalının Qıraqlı kəndində (indiki Saatlı rayonu) anadan olub. 1943-ci ildə İkinci Dünya müharibəsinə gedib.
199 və 31-ci ordunun piyada alayının serjantı olub.
![]() |
Babam İsaxan Rza oğlu Cəfərov (1918-1986). Şəkil 1945-ci ilin aprel ayında (Köniqsberq qələbəsi) indiki Kalininqradda (keçmiş Köniqsberq) çəkilib. |
2.Qərb cəbhəsi.
3. Kalinin cəbhəsi.
4.3-cü Belarus cəbhəsi.
5.1-ci Ukrayna cəbhəsi.
Hərbiyə gəlişi : 11.01.1943
![]() |
Babam İsaxan Rza oğlu Cəfərov (1918-1986). 1942-43-cü illərdə yaralandıqdan sonra xəstəxanada çəkdirdiyi şəkil. |
![]() |
Babamın (Zərifə bibidən sonra) ilk övladı əmim Hafiz İsa oğlu Cəfərov (1951-1981) |
![]() |
Babam İsaxanla nənəm Xanbikənin gəncliyi. |
Nənəm Xanbikə 1930-cu ildə Qalaqayın kəndində anadan olmuşdur. Onların nəsli köklü qalaqayınlı idi. Təxminən 5 əsr öncə şərqi Anadoludan Yunsur paşanın başçılığıyla "eldöndülük" edib ümumi Muğanda məskunlaşan şahsevən tayfalarından idi. Nənəmgil beş bacı, beş qardaş olublar, ancaq beş uşaq sağ qalıb. Böyük qardaşları Əlibala Vətən müharibəsində həlak olub. O biri bacı, qardaşları müxtəlif xəstəlikdən dünyalarını dəyişiblər. Nənəm Xanbikənin qalan bacıları Cəvahir və Gülbikə, qardaşları isə Bəybala və Əhədağa olub.
![]() |
Nənəm Xanbikə Aslan qızı Xankişiyeva (1930-1997) Sovet İttifaqının "Qəhrəman ana" medalı ilə. |
![]() |
Nənəmin bacısı Gülbikə nənə |
![]() |
Nənəm Xanbikə Aslan qızı Xankişiyevanın (1930-1997) gəncliyi. |
Aslan baba çox zəhmətkeş, həm də olduqca zarafatcıl bir insan idi. Bir dəfə kəndə prokuror gəlir və klubda hüquq sahəsində maarifləndirmə ilə əlaqəli məruzə edir və soruşur ki, kimin sualı var. Aslan baba əlini qaldırıb sualım var deyir. Sual belə olur: “Mən evlənən zaman "zaks" yox idi, kəbinimizi molla kəsmişdi. Indi həyat yoldaşım məni evdən çıxarır ki, çıx bu evdən get. Onun məni evdən çıxarmaq hüquq var, ya yox?”. Prokuror soruşur ki, neçə uşağınız var. Atam cavabında deyir ki, 5 uşağımız var. Daha sonra prokuror atamdan soruşur ki, bəs uşaqlar kiminlə qalmaq istəyir? Uşaqlar anası ilə qalmaq istəyir, -deyir atam. Prokuror da cavabında "onda sənin həyat yoldaşının səni evdən çıxartmağa ixtiyarı çatar" deyə cavab verir. Klubda bir qaqqıltı qopur. Prokuror başa düşür ki, kişi zarafat edirmiş. O anlayır ki VVAQ şöbələrində izdivacı olmayan ailələrin möhkəmliyi həyat müdrikliyinə arxalanır.
Bir dəfə Aslan babanın köməkçisinin oğlu gəlib, atasını soruşanda kişi uşağa deyir ki, dünən atan sənə paltar almışdı, xoşuna gəldimi? Uşaq "yox, atam mənə paltar alıb gətirməyib" deyə cavab verəndə Aslan baba deyir ki, "yəqin o biri arvaddan olan oğluna aparıb" deyə fikrini tamamlayır. Həmin uşaq tez qaçıb eşitdiyini anasına nəql eləyir. Bunların evində qalmaqal baş verir. Kişi nə qədər çalışır ki, xanımını başa salsın, amma xanımı inanmır ki inanmır. Nəhayət həmin kişi xanımıyla Aslan babanın evinə gəlir, babama deyir ki, bu gecə biz yatmamışıq. Bizim bu arvadı başa sal ki, sən zarafat eləmisən. Əhvalatın sonu gülüşlə qurtarır. Ulu babam Aslan eyni zamanda xeyriyyəçi bir adam idi. Oğlu Bəybala dayının dediyinə görə uşaq olarkən evlərinə özü ilə bir uşaq gətirdi və dedi ki, bu gündən Əliheydər adında bu oğlan sənin qardaşındır. Onlar iki qardaş idilər. Ataları müharibədə həlak olmuş, anaları isə xəstəlikdən vəfat etmişdi. Əliheydərin atası Aslan babanın dostu idi. Aslan baba oğlu Bəybalaya nə alırdısa, ona da eynisini (məktəb çantası, ayaqqabı, corab və s.) alırdı. Əliheydər uzun müddət o ailədə yaşayıb. Sonralar böyük qardaşı gəlib onu öz yanına apardı.
Bəybala dayının dediyinə görə kəndimizdə Bahar adında qapı-qapı dilənən bir qadın vardı. Bahar bir dəfə onların həyətinə gəlmişdi. Atası Ulu babam Aslan o qadına "bəsdir qapı-qapı gəzdin, gəl sənə bizim yay damını verim orda yaşa nə qədər istəyirsənsə, biz nə yesək sən də ondan yeyərsən" deyib. O da uzun müddət orda yaşayıb.
![]() |
Nənəm Xanbikənin atası Aslan baba (1887-1974) və anası Nübar nənə (?-?) |
Onu da deyim ki, ulu babam Xankişinin törəmələri,yüzlərlə nəvə-nəticələri hazırda ABŞ-da, Avropa ölkələrində,Rusiyada, Türkiyədə, Türkmənistanda yaşayır, fəaliyyət göstərirlər.
Aslan babanın anasının adı Sona (nənəm Xanbikənin nənəsi) olub. Aslan babanın babasının adı Xankişi olduğu kimi ulu babasının adı da Əhəd idi. Aslan babanın tikdiyi evdə hal-hazırda nəvəsi Mehman qalır. Ulu babamız Xankişinin kiçik oğlu mənim ulu babam Əhəd kişinin (ulu babam Aslanın atası) beş oğlu və bir qızı olub (oğlanları nənəmin atası Aslan, qardaşları Nuşirəvan, Səməd, Əliqulu, Dadaş və bacısı Mirvari). Nuşirəvan o vaxtlar Azərbaycan SSR Nazirlər Sovetinin sədri Nəriman Nərimanovun mühafizəçisi işləyib. O biri qardaşlarından Səməd kolxozda baş mühasib, Əliqulu müəllim, bacısı Mirvari kolxozçu idi. Digər qardaşları Dadaş isə gənc yaşında vəfat edib. Əhəd babanın (Xanbikə nənəmin babası,ulu babam Aslanın atası) yurdunda oğlu Əliqulunun oğlu Adil əmi qalır. Nənəmin atası ulu babam Aslanın xanımı ulu nənəm Nübarın atasının adı İsgəndər bəy,anasının adı Səadət idi. Ulu nənəm,yəni,nənəm Xanbikənin nənəsi Səadət nənə nəvəsi Xanbikəylə evlənən İsaxan babamla bibiqızı-dayoğlu idilər. Nənəm Xanbikənin babası İsgəndər bəy (Bədəlov) qalaqayınlı idi. İsgəndər bəyin kiçik qardaşı Xanəhməd kəndimizdə hörmət sahibi olan Ramazan dayının atası idi. Beləliklə, Nübar nənə Ramazanla əmoğlu-əmiqızıdır.
Xanbikə nənə 1997-ci ilin avqustunda vəfat etmişdir. Qıraqlı qəbristanlığında ilk oğlu Hafizin qəbrinin yanında dəfn olunmuşdur.
![]() |
Babamın (Zərifə bibidən sonra) ilk övladı əmim Hafiz İsa oğlu Cəfərov (1951-1981) |
Comments
Post a Comment