Monday, November 6, 2023

Qalaqayın

"Qalaqayın" etnotoponimi haqqında bir çox mülahizələr irəli sürürlər. Toponimi fərqli təhlil edərək ya ərəbdilli, ya da irandilli olduğunu iddia edirlər. Bunlardan ilki adından göründüyü kimi "möhkəm qala" mənasını ehtiva edir. Çünki, cənubdan hücumlar olurdu və qalanı dayanıqlı, möhkəm olduğuna görə bu cür adlandırırmışlar. Bu qala orta əsrlərdə istehkam qalası rolunu oynayırmış. Amma bizim mövzumuz toponimin mənşəyidir. 

11-ci əsrdə qəznəvilər tərəfindən sıxışdırılan səlcuqlular qərbə doğru, Azərbaycana, indiki İrana, Anadoluya, İraqa və s. yayıldılar. Mərkəz Azərbaycan olduğundan həmin yerdə möhkəmlənmişdilər. Şimali Muğanda (Kür-Araz qovşağına yaxın) məskunlaşmışdılar. Sonralar Osmanlı bəyliyini (özlərinə aid konspirologiyasında) quracaq nəsil də bu ərazidə yaşamışdır. Özlərinə aid xanədan tarixində qayı boyu da məskunlaşan oğuz səlcuqluların tərkibində idi. Osmanlı xanədanı da özünü bu boya aid edirdi. Ehtimala görə Qalaqayın adı "qayının qalası" mənasını verir.

Amma oğuzların qayı boyu və qain/kain tayfası fərqli boylardır. Səslənməsi də fərqlidir. Hər birinin qərbə köçü fərqli zamanda olub. 

Bu toponimdəki  "y" səsi danışıqda əlavə olunmuşdur. Keçən əsrə aid mənbədə kəndin adı "Qalaqanı" kimi qeyd olunmuşdur. XIX əsrin 20-ci illərində tərtib olunmuş mənbədə göstərilir ki, "Qalaqanı" bir qalanın adıdır və ətraf kəndləri idarə edən bəy orada oturur. Görünür ki, bu qala hələ orta əsrlərdə mövcud olmuş, 1798-ci ilde orada olmuş alman səyyahı marşal fon Biberşteyn yazır: "Kürlə Arazın qovuşduğu yerdə Qalaqanı adlanan qalanın xarabalıqları görünür. Bu məlumatlardan aydın olur ki, "Qalaqayın" toponimi Qala - "möhkəmləndirilmiş yer" və "qayın" hissələrinə ayrılır və bütövlükdə "Qayın qalası" mənasını verir. Qeyd edildiyi kimi əslində bu toponim "Qala Qanı" kimi olmuş, lakin danışıqda "y" səsi əlavə edilmişdir. Yuxarıda adını çəkdiyimiz səyyah yazır ki, kəndin əhalisi Muğanda yaşayan maldar icmalara məxsus ailələrdir. Lakin araşdırmalar göstərmişdir ki, Qalaqayın toponimindəki Qayın (Qanı) sözü bir türk mənşəli tayfanın adıdır. Əvvəldən qeyd edilməlidir ki, bu tayfanın adı Ağsu rayonundakı Qalaqanılı kəndinin adında da qalmışdır və əslində Qalaqanı Qalaqanılının fonetik ("l" səsinin danışıqda "n" səsilə əvəzlənməsi) formasıdır. Ağsu rayonundakı Qalaqanılı adının sonundakı "lı" şəkilçisi göstərir ki, bu kənd mənşəcə Qalaqayın kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Lakin bu hadisənin nə vaxt baş verdiyi məlum deyil. Hər iki toponimin tərkib hissəsini təşkil edən "Qanı" etnonimi ilə düzəlmiş toponimlər başqa yerlərdə də vardır. Keçən əsrdə Gürcüstanda Kani-turqoba, Qanı-Yurt, Qars əyalətində Qaynı-Dərə kəndlərinin adları məlumdur. Aydınlaşır ki, bu tayfanın adını əks etdirən yasayış məntəqə adları başqa ölkələrdə də vardır. Qazaxıstanda Kaindi (əslində Kainli kimi nəzərdə tutulmalıdır, çünki qazax dilində başqa türk dillərindəki kimi  "l" səsi  "d" və "t" kimi tələffüz olunur) adlı 3 kənd və Kain adlı çay vardır. Qırğızıstanda isə Boston-Kain adlı kənd və tayfa var. Kain (və ya Qain) adliı kənd İranda da qeyd olunmuşdur. Hələ XIII əsrdə İranın şərqində-Xorasanda Qain adlı mahal və şəhər mövcud idi. Bu toponimlər göstərir ki,onlar Kain (Qain) adlı tayfanın müxtəlif yerlərində məskulaşması nəticəsində yaranmışdır. Maraqlıdır ki, Qain adlı tayfa başqırdlarda və Qərbi Sibirdə Şorlarda vardır. Güman ki, qədim kain/qain tayfasının müəyyən hissəsi səlcuq oğuzlarının tərkibində Xorasan tərəfdən İrana və Azərbaycana gəlmiş, buradan da bir hissəsi Gürcüstana getmişdir. Qeyd edilməlidir ki, İranda hazırda Qum şəhəri yaxınlığında qain adlı türk tayfası yaşayır və onun adını əks etdirən çoxlu toponimlər vardır.

Əvvəl Kutaisi quberniyasının Ozurqet qəzasında kənd "Kalaqain" adlı kənd mövcud olub. Böyük ehtimala görə bu etnotoponimin əsası 13-cü əsrdə Elxanilərin (Hülakülərin) dövründə qoyulub. Çünki,o dövrdə Mahmudabad, Qırxçıraq, Həməşara, Hasıllı, Bəcirəvan və s. şəhərlər Elxanilər dövründə qoyulub. 
Borçalı və Muğanda eyni adlı toponim olduğuna görə qain/kain tayfası döyüşkən tayfa olub. Qalalar da qarnizon olub, adətən hərbi şəhərcik adlanırdı. Bu tayfanın adı ilə Muğanda hərbi qarnizon-qala mövcud imiş. 

Bu adda tayfa başqa türkdilli xalqların (qazax, qırğız, başqırd) tərkibində də vardır.

Rusların sosial dayaq yaratmaq üçün böyük planları olub Muğanda. Kür-Araz qovşağının sağ sahilində, yəni Qalaqayında (indiki Sabirabad (keçmiş adı Petropavlovka) şəhəri də Qalaqayında qurulub) "Yekaterinasord" adlı şəhər yaratmaq istəyirmişlər. Demək bu qala-şəhərdə ancaq rus ordusu olacaqmış və erməni, gürcü qızları ilə evləndiriləcəkmişlər. Beləliklə, mələz nəsil törəyəcək, demoqrafik vəziyyət təmiz dəyişəcəkdi. Hətta Rusiyadan gələcək bənnalar, işçilər, maliyyə də müəyyənləşdirilmişdi. Yekaterinanın qəfil ölümündən sonra Çar Pavel ordunu Qafqazdan geri çağırır. Bundan sonra Yekaterinanın ən yaxın hərbiçiləri aradan götürülür, təqaüdə göndərilir. Bu plan da tarixə qovuşur. Bu şəhər planı onların ürəyincə idi. Yekaterinanın dövründəki hərbi yürüş kompaniyasında rus ordusu Qalaqayın ərazisində düşərgə salmışdı. Çoxlu balıq tuturdular, ov ovlayırdılar. Münbit çəmənlik ordunun atları üçün sərfəli idi. Üstəlik, cənuba doğru yürüş edə, işğalçılıq kompaniyasının davam etdirilməsində köməklik edəcəkdi.

1796-cı ildə qraf V.A Zubovu Qacar yürüşündə müşayiət edən məşhur "Flora tauro-caucasica" əsərinin müəllifi Marşal Bieberşteyn, daha sonra ipəkçilik üzrə müfəttiş kimi, Qalaqayına, Arazın birləşdiyi (Kürlə) Cənubi Qafqaz bölgəsinə tez-tez baş çəkirdi. Arazın Kürlə qovuşduğu yerdə, Cavada (qala) bağlı olan qala bu yaxınlarda Ağa Məhəmməd xan tərəfindən dağıdıldı. 1798-ci ildə orada olmuş alman səyyahı marşal fon Biberşteyn yazır: "Kürlə Arazın qovuşduğu yerdə Qalaqanı adlanan qalanın xarabalıqları görünür. Bieberşteyn hesab edir ki, bu, Herbelotun Azərbaycan sərhədindəki məşhur qala hesab etdiyi "Kala al Nagia"dır (Qala əl Nahiyə).

1820-ci ilə aid siyahıyalınmada Qalaqayın adlı istehkam qala olduğu qeyd olunur. Muğan mahalını idarə edən mahalbəyi (naibi) Qalaqayında əyləşirdi. 
Rusiya ordusunun polkovniki Mişşenkonun general-adyutant Paskeviçə 23 oktyabr 1826-cı il tarixli Cavad kəndi düşərgəsində olarkən məruzəsində; "Mən dərhal Salyanı mühafizə edən yüksək rütbəli Haşım xandan məlumat aldım ki, Cavad keçidindən qovulan fars (Qacar) qoşunları qaçdıqdan sonra Sarıqamışda dayanıblar və onları dərhal 2000 sərbaz qarşılayıb. Muğan qalası Qalaqayını işğal etmək üçün Cavad keçidində onlara kömək etmək üçün dayandılar və hələ də oradadırlar, nə etmək niyyətindədirlərsə hələ bilmir, amma o maraqlandığı məlumatı aldıqdan sonra mənə hesabat verəcək" deyə məlumat vermişdir. Bu fakt hələ ruslar tərəfindən 18-ci əsrin birinci yarısında Qalaqayın adlı qalanın yenidən təmir olunduğunu sübut edir.

Xəzər sahili yürüşü ərəfəsində Xəzər dənizi ətrafı ərazilərin I Pyotrun əmri ilə Reyner Ottens (1698-1750), Yakob Keyser (1710-1745) tərəfindən hazırlanmış xəritəsində (1720-ci il) Qalaqayın qalası "Persia" ilə "Şirvan"ın sərhədində təsvir olunmuşdur. 

Qalaqayın (qala) 18-ci əsrdə Cavad (Muğan) xanlığının ikinci iqamətgahı, mərkəzi idi. Xan ailəsi burda yaşayırdı. Şahsevən idilər. İndi də köklü qalaqayınlılar şahsevənlərin törəməsidir. Xanlıq qurulmadan öncə də Muğanda mövcud idilər.

Hal-hazırda Qalaqayının  (məhz qala) harda olduğu haqda məlumat yoxdur. Amma maraqlı odur ki,indiki Qalaqayın kəndində 1657-ci ildə tikilmiş məscid var. Və bu məscidin qarşısında "Xan bağı" adlanan qəbristanlıq var. Qədim xəritəyə göz atanda "Ələgli" adlı karvansaray da həmin məscidin yaxınlığında təsvir olunub. Yəni, bu üçün nöqtə qalanın daxilində, ya da onlardan biri xaricində olub. "Xan bağı" qəbristanlığı 1868-ci ildə qurulub. Ola bilsin bu yer xan ailəsinin bağı olub, sonra qəbristanlığa çevrilib. Çünki, 1868-ci ildən sonra Cənubi Qafqazda hərbi qalaların ləğv edilməsinə başlanılmışdır.
Qalaqayına aid qədim xəritə təsviri coğrafiyaşünas Adam Oleariyə (1599-1671) məxsusdur. 

1850-ci ilə aid Muğan mahalı (Lənkəran qəzası) kəndlərinin kameral təsviri olan Qalaqayın bəylərinin siyahısında mahal naibi Məhəmmədsalah xandan sonra ailə rəisi kimi Rüstəm bəy (1802-?) adlı oğlu olduğu və Rüstəm bəyin Bəşir bəy (1834-?), Edil bəy (1844-?), Cəfərqulu bəy (1848-?) adlı övladları və böyük qardaşı keçmiş mahal naibi Mustafa bəyin Musa bəy (1830-?) adlı oğlu olduğu qeyd edilib. Digər Qalaqayın bəylərindən, amma ayrı nəsildən Gülməmməd bəy Əliməmməd bəy oğlu (1810-?), onun oğlu Ağa bəy (1836-?) və digər nəsildən ailə rəisi kimi Həsən bəy Şükür bəy oğlu (1836-?), Həsən bəyin qardaşı Hüseyn bəy (1840-?), digər qardaşı Fərzəli bəy (1845-?) qeyd olunub.

Şahsevən elinə mənsub olan Cavad xanlığının qurucusu, ilk xanı Qiyas xan olmuşdur. Bu xanın həyatı ilə bağlı məlumatımız yoxdur. Lakin Rusiyanın Arxiv İdarəsindən əldə etdiyimiz 14 nömrəli raporta əsasən deyə bilərik ki, onun Pəricahan adlı xanımından 2 oğlu olmuşdur: Tale Həsən xan və İbrahim xan. 
Cavad xanlığının ikinci xanı Tale Həsən Şahsevən (Həsən xan Muğanlı) bəzi mənbələrdə "Talе Həsən xan", "Tala Həsən xan" kimi xatırlanır. Həsən xan 1768-ci ildən Fətəli xan Qubalının vassalı olmuşdur. Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının hakimi Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Hətta 1769-cu ildə Şamaxıda Fətəli xana qarşı hazırlanmış bir sui-qəsdin ləğv edilməsinə xüsusi xidmət göstərmişdir.

Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi. İstər yerləşməsi, istərsə də hərbi-strateji baxımdan əhəmiyyətli olan Muğanın xanlığa qatılması sonuncunun getdikcə güclənməsi demək idi. Bir çox döyüşlərə qatılmış, Quba xanının tərəfini tutmuşdu.
1778-ci ildə Gilan xanlığının hakimi Hidayət xan Kərim xan Zəndin göstərişi ilə Cavada hücum edib Həsən xanı əsir aldı. Həsən xan bir müddət sonra əsirlikdən azad oldu. O, 1783-cü ildə qubalı Fətəli xanın Qarabağa yürüşündə iştirak etmişdir. 1784-cü ilin mayından 1785-ci ilin fevralına kimi Ərdəbil xanlığının hakimi olmuşdur. Həsən xan 1789-cu ildə vəfat etmişdir.  El içində Həsən xanla bağlı bir deyim var:

Dünya, fanisən, fani,
Səndə olan canlar hanı?
Həsən xan deyirdi Muğan mənimdi,
Muğan durur, bəs Həsən xan hanı?

Oğlu Səfi xanın dövründə xanlıq Şirvan xanlığından asılı idi. Rus hərb tarixçisi P.Butkov isə 1796-cı ilə dair məlumatlarında yazırdı ki, indi - 1796-cı ildə Cavad bölgəsində (Muğan əsasən) əksəriyyəti tərəkəmələrdən ibarət olan 470 ailə və ya 1410 nəfərdən ibarət kişi cinsli əhali yaşayır. Buranı Cavad qəsəbəsində əyləşən Səfi xan idarə edir. Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığı Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir.
Səfi xanın sahibi olduğu mahalda subay şəxsdən 1 rubl və çörək, evli adamdan isə 2 nəfərlik alınırdı. Qoyundan, arıdan, baldan, yağdan, qismən pendirdən vergi alınırdı. Eyni dövrdə Rudbar mahalının hakimi Məmməd xanla birgə hərbi qüvvənin sayı 550 nəfər idi. Məmməd xanla birgə gəliri 5000 rubl idi.
Həsən xan Muğanlının əmisi qalaqayınlı Məhəmmədsalah хan da Muğan mahalının naibi olmuşdur. 

O, öz qızları Xeyrənisəni Talış xanı Mir Həsən xana, Pəricahan xanımı isə Şirvan xanı Mustafa xana ərə vermişdir. Xeyrənisənin Mir Abdulla bəy, Cavad bəy və Xanlar bəy adlı oğlanları, Nisə xanım və Zəhra xanım adlı qızları olmuşdur.

Pəricahan xanım 1789-cu ildə ərə getmişdir. 1795-ci ildə vəfat edib, Qurd kəndində (Qarayazı) dəfn edilib . Teymuraz bəy (1794–1842) adlı oğlu olmuşdur, Şamaxıda dəfn edilib. 1820-ci ilə qədər Qəbristan mahalı ona məxsus olmuşdur. Teymuraz bəy də 1829-cu ildə İsmayıl bəyin qızı Hacıxanım xanım (d.1813-v.1847, Qarayazıda dəfn edilib) ilə, 1833-cü ildə isə Ağarazi bəyin qızı Dürrətünisa xanım (d.1811-v.1852-ci il, Qarayazıda dəfn edilib) ilə evlənmişdi.

Həmin qəbiristanlığı 1956-cı ildə kanal çəkiləndə həmin yerdən keçdiyinə görə dağıdıblar. Xan dediyimiz insanlar haqqında ümumi məlumatımız yaşlı insanların dediklərinə görə kəndin başında xan qızı yaşayırmış. Həmin yerdə yaşayış evləri tikilib, kənd böyüyüb. Xan bağı dedikləri yer qəbirstanlıqdan aralı olub. Orda xan bulağı deyilən yer olub, suyu gedib ordan gətirirlərmiş.

Hacıxanım xanımın Əbülfəth xan, Dürrətülnisanın isə Fərəculla bəy adlı övladları olub.

Əbülfəth xan 1830-cu ildə anadan olub. 1849-cu ildə Kafiyə xanımla ailə qurub, 1855-ci ildə vəfat edib. Şıxəmir Əhməd qəbristanlığında dəfn olunub. Əbülfəth xan Zəhra xanım adlı qızı olub, İsgəndər bəyin oğlu Qasım xanla evlənib.

Fərəcullah xan 1836-cı ildə anadan olub. Kür kəndində yaşayıb. 1844-cü ildə Əsgər xanın dul qızı İsmət xanımla (d.1819) evlənib.

Məhəmmədsalah xanın oğlu Mustafa bəy (xan)  Şirvan xanlığı, daha sonra ləğv olunaraq Rusiya imperiyasının idarəçiliyi altında Şirvan əyalətinin Şahsevən elinə mənsub olan Muğan mahalının naibi idi. 
Mustafa bəy haqqında məlumatlar məhduddur. Amma rus arxivindən aldığımız məlumata görə Mustafa bəy Məhəmmədsalah хanın oğlu, praporşik Rüstəm bəy adlı qardaşı və Musa bəy (20 yaşında) adlı oğlu olduğu, qeyd edilib. Cavad xanlığının və Muğan mahalının hakimi Həsən xan Muğanlının əmisi oğlu olduğu qeyd edilib. Onun Muğan hakimliyi dövründə məhdud və mühüm tarixi hadisələri qeyd edirik. Polkovnik Mişşenkonun general-adyutant Paskeviçə 23 oktyabr 1826-cı il tarixli Cavad kəndi düşərgəsində olarkən məruzəsində;

"Mən dərhal Salyanı mühafizə edən yüksək rütbəli Haşım xandan məlumat aldım ki, Cavad keçidindən qovulan fars (Qacar) qoşunları qaçdıqdan sonra Sarıqamışda dayanıblar və onları dərhal 2000 sərbaz qarşılayıb. Muğan qalası Qalaqayını işğal etmək üçün Cavad keçidində onlara kömək etmək üçün dayandılar və hələ də oradadırlar, nə etmək niyyətindədirlərsə hələ bilmir, amma o maraqlandığı məlumatı aldıqdan sonra mənə hesabat verəcək. Xain Mir Həsən xan bütün ailəsini Lənkərana göndərərək Ərkivandakı izdihamı ilə birlikdədir.
Muğanlı Mustafa bəy bu gün düşmən haqqında kəşfiyyat aparmaq üçün Araz çayının hər iki sahilinə patrul göndərdi və məlumat toplamaq, düşmənin hərəkət və niyyətlərini öyrənmək üçün Talış xanlığına iki qasid göndərdi."
Polkovnik Mişşenkonun general Yermolova 26 oktyabr 1826-cı il tarixli № 347 hesabatında (Cavad keçidində düşərgədə):

"Məndə hədsiz dərəcədə süvari çatışmazlığı var: 230-a qədər qubalı, 160-a qədər şirvanlı və muğanlı Kürün sahilində qarovuldadırlar; insanlar və atlar hərəkət etmək və Muğan çölündə gəzmək qabiliyyətinə malik deyillər. Muğanlı Mustafa xan və Elat naibi Məmməd bəy Əmirsəliyev, mənim əmrimlə imkan daxilində Muğan çölünə patrul göndərirlər, lakin indiyə qədər düşməndən heç nə aşkarlanmayıb.
Muğanlı Mustafa bəyin ifadəsinə görə, ərazidə Muğan kəndlilərindən 150-dən çox ailə qalmamış, qalanları Həsən xan tərəfindən İrana aparılmışdır."

Həşim xanın (Şirvan xanı Ağası xanın oğlu, 1773-1845-ci illərdə yaşayıb, Baba Samid qəbirstanlığında basdırılıb) oğlu Abbas bəy 1843-cü ildə Muğanlı Mustafa xanın qızı Bəyim xanımla evlənib. Həşim xanın oğlu Allahqulu bəy 1852-ci ildə Muğanlı Mustafa bəyin qızı Xədicə xanımla evlənib. Həşim xanın oğlu Abul bəyin qızı Balabəyim xanım (anası Məmmədəli bəy Əlvəndlinin qızı Tükəzban xanım) (d.1847) 1862-ci ildə Mustafa bəy Muğanlının oğlu Məmmədmirzə ilə evlənib.

Qalaqayın kəndinin ərazisində qədim yaşayış yerləri və nekropollar e.ə. V–I əsrlər, V–II, b.e. I əsrlər və III əsirlərə aid edilir. 
Sabirabad rayonun şimali-qərb hissəsində yerləşən Qalaqayın kəndi yalnız Saatlı rayonuyla həmsərhəddir. İqlimi quru subtropik iqlimdir. Burada il ərzində yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi müşahidə olunur. Ərazidə il ərzində günəşli saatların miqdarı çoxdur. Bu da bitkiçiliyin inkişafına müsbət təsir göstərir. Torpaqları əsasən boz-çəmən, boz-qonur torpaqlardır.
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qalaqayında dəmir-beton zavodu, məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, poçt, ATS və 3 məscid var.
İqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqliminə aiddir. Ayrı-ayrı sahələrdə səhra bitkiliyi də mövcuddur. Səhra bitkiliyində şoran torpaqlara da rast gəlinir. Şoran yarımsəhralarında çox vaxt halofit kolcuqlara: qara-soğan , xəzər sarıbaşı rast gəlinir. Onlar yumru təpəciklər əmələ gətirir. Burada, həmçinin, Xəzər şahsevdisi , kolvari dəvəayağı, çərən, həmçinin birillik lətli şorangələr — duzlaq coğanı və s. bitkilərə rast gəlinir.
Ərazi, əsasən, su-bataqlıq quşları ilə zəngindir. Burada boz qaz, ağqalın qaz, ağqaş qaz, qırmızıdöş kazarka, harayçı ququ quşu, fısıldayan ququ quşu, anqut və s. quşlara rast gəlinir. Burada məməlilərdən canavar, adi tülkü və s. canlılar yaşayır.
Bu gün Sabirabad bostan bitkisi olan qarpızı ilə məşhurdur. Hətta onun qabığından belə mürəbbə bişirirlər. Qarpız çox yeyilən həm də müalicəvi məhsuldur. Məclislərdə və evlərdə ən çox bişirilən ət yeməkləri piti, qovurma, dolma, çığırtma, cız-bız, kabab, bozartma, kələfur və s. lobyalı, balqabaqlı plov, qaralı aş, tutmac, kəsmə əriştə, ovduğ, dovğa, ayran, təndir çörəyi, lavaş, fətir Qalaqayının mili kulinariyasının əsasını təşkil edir.
Qış aylarında müxtəlif turşular, şorabalar da qoyulur, tut və qarpızdan doşab və bəkməz hazırlanır.

1820-ci ilin siyahıyaalınmasına əsasən qala daxilində 100 ailə yaşayırdı. 1831-ci ilin siyahıyaalınmasına əsasən 233 nəfər (yalnız kişi cinsi), 1895-ci ilin siyahıyaalınmasına əsasən 834 nəfər, 1970-ci ilin siyahıyaalınmasına əsasən 4142 nəfər olmuşdur. 

Qalaqayında anadan olan şəhidlərdən Məmmədov Mehman Sahibəli oğlu (1971-1990), Mirzəyev Sahib Paşa oğlu (1974-1993), Məmmədov Elman Əlqənbər oğlu (1975-1994), Mirzəyev Elşən Barat oğlu (1975-1994), Fərzullayev Zakir Ulduz oğlu (1974-1994), Fərzullayev Vaqif Ulduz oğlu (1967-1994), Əliyev Bəxtiyar Məzlum oğlu (1974-1994), Abuşov Fikrət Nərçə oğlu (itkin) (1975-1993), Qarayev Süleyman Əlbağış oğludur (1995-2020). 
Mənbələr:

* Bibliothèque orientale, article Nagia

* M.v. Bieberstein, Beschr. d. Lander zw. Terek und Kur am Kasp. M. Frankf. am M.,", 1803. səh. 58
* А.П.Ермолова, генералмаером князем Мадатовы, 1867. səh. 252
* Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II, 2007. səh. 11
*  Г. А. Гейбуллаев, О НЕКОТОРЫХ АЗЕРБАЙДЖАНСКИХ ЭТНОТОПОНИМАХ, 1985.
* Руденко С. И. Башкиры. М,— Л.; Изд-во АН СССР, 1955; Кузеев Р. Г. Указ. раб., с. 34; Долгих Б. О. Родовой и племенной состав народов Сибири в XVII в. М.: Изд-во АН СССР, 1960, с. 110—111.
* Рапорт полковника Мищенко генерал-адъютанту Паскевичу от 23-го октября 1826 года. Лагерь при сел. Джевате
* Рапорт полковника Мищенко генералу Ермолову от 26-го октября 1826 года № 347. — Лагерь при Джеватской переправе
* ARDTA, Камеральное описание селений Муганского участка, Ленкоранского уезда за 1850г. ,Φ. 10 Оп. 1, Док. 29
* Под ред. А. Д. Берже. Акты, собранные Кавказской Археографической комиссией : [В 12-ти т.] / Арх. гл. упр. наместника Кавк.; Под общ. ред. А. Д. Берже. — Тифлис : Тип. гл. упр. Наместника Кавк., 1866–1904. Т. 5 : [1811–1816] / Под ред. А. Д. Берже. — 1873. — 1170 с.
* Описание Ширванской провинции, составленное въ 1820 году, по распоряжению главноуправляющего въ Грузии А.П.Ермолова, генералмаером князем Мадатовымъ и действи- тельным статским советником Могилевским. Тифлис: типо- графия Главного Управления наместника Кавказского. 1867. 
* Mirzə Əhməd Zərgər, Əxbarnamə (Talış Xanlığının tarixindən), Bakı — 2009, Fars dilindən tərcümə edən: Əli Hüseynzadə, 159 səh.
* Ənvər Çingizoğlu. Həsən xanın törəmələri. Bakı: "Soy" dərgisi, 2 (22). 2009.
* Nailə Bayramova. Şamaxı xanlığı (PDF). Bakı: Təhsil. 2009.
* Abbasqulu ağa Bakıxanov. Gülüstani-İrəm (tərcümə edən: M.Əsgərli) (PDF) (Minarə). Bakı: Minarə. Buraxılışa məsul Haçı Əli Dərkah oğlu İbrahimov. 2000. Təkrar nəşr (düzəlişsiz). 224. ISBN B-47020600000 108M-00.
* ŞAHİN FƏRZƏLİYEV- tarix elmləri doktoru, professor. Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi. Bakı: "Elm". 2012. 336. ISBN 978-9952-453-43-0.
* Mustafazadə, Tofiq. Quba xanlığı (az.). Bakı: Elm. 2005. 480 səh.
* Г.Б. Абдуллаев. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку: Изд-во Академии наук Азербайджанской ССР. 1965. 620.

No comments:

Post a Comment