Bəzi sübutlara əsasən şiələrə "rafizi" ləqəbinin verilməsinin Zeydin qiyamı ilə baş verməsi kökündən yanlış iddiadır. Çünki Zeyd qiyamına qədər şiələr haqqında bəzi əhli-sünnə mənsubları "rafizi" demişdirlər. Məsələn,əş-Şəabi demişdir: "Mən yaradılmışların ən şərliləri olaraq rafiziləri görürəm".¹ Sünnilərin iddiasına görə şiələri "rafizi" adlandıran Zeyddir və o Kufədə üsyan edən zaman şiələr onu tərk etdikləri üçün onları belə adlandırıb. Ancaq Zeyd hicri 121-ci ildə qiyam edib, əş-Şəabi isə hicri 103-cü ildə vəfat edib.
Və yaxud Təlhə ibn Məsrif dedi ki: "rafizilərin qadınları nikahlanmaz və kəsdikləri yeyilməz. Çünki onlar riddət əhlidirlər.²
Təlhə ibn Məsrif hicri 112-ci ildə, yəni, Zeydin qiyamından 9 il əvvəl ölmüşdür.³
Tarixi mənbələrdə ilk dəfə olaraq sünni mənbəsi olan "Tarixi- Təbəri"də (Tarixul-uməmi ər-rusul, əl-xuləfa vəl-muluk) deyilir ki, Zeyd Kufədə qiyam etdiyi zaman özü ilə birlikdə üsyan edən şiələr ona gəlirlər və "Əbu Bəkr ilə Ömər haqqında nə düşünürsən?" deyə soruşarlar. Zeyd də "mən onlar haqqında yaxşılıqdan başqa bir şey bilmirəm, cəddimin dostlarıdır" və s. kimi bir cavab verir. Bundan sonra Əbu Bəkr və Ömərə düşmən olan bu şiələrin bəziləri Zeydi tərk edirlər və Zeyd onlara "məni tərk etdilər" deyir. Bundan sonra bu ayrılıb gedənlərə "tərkedənlər/ rafizilər" deyilir.⁴
Təbərinin nəql etdiyi bu rəvayəti daha sonralar Əbul Həsən əl-Əşari, Əbu Mənsur əl-Bağdadi və Zeydin qiyamı və ya bioqrafiyası haqqında danışanlar təkrar olaraq qeyd etmişlər. Təbəri bu rəvayəti 2 adam vasitəçiliyi ilə rəvayət edir ki, bu 2 adam Əbu Mihnəf və onun şagirdi Hişamdır. Həm Əbu Mihnəf və həm də şagirdi Hişam müsəlmanlar/şiələr nəzdində etibarlı və fəzilət sahibi olan böyük alimlərdir. Lakin rəvayəti bunlara nisbət edən Təbəridir. Yəni, bizə görə bu rəvayəti Əbu Mihnəf və onun şagirdi Hişam adına uyduran Təbəridir. Və biz artıq burada bu 2 ravinin vəziyyətini sünni ricalına görə verəcəyik.
Əbu Mihnəf sünni ricalına görə zəif, mətruk və yalançı bir ravidir. Sünni rical alimlərindən əz-Zəhəbi onun bioqrafiyasında deyir:
Lut ibn Yəhya, Əbu Mihnəf təsbit edilməmişdir, Əbu Hatəm və başqaları onu tərk etmişdir. və Darə Qutni dedi ki: "zəifdir." və ibni Main dedi ki: "etibarlı deyil". Bir dəfə isə "bir şey deyil" demişdir. və ibni Adi dedi ki: "şiədir, onların xəbərlərinin sahibidir."⁵
Hişam ibn Məhəmməd ibn Saib: Bu ravi də müəllimi Əbu Mihnəf kimi sünni ricalı baxımından ittiham edilmiş bir ravidir. əz-Zəhəbi onun bioqrafiyasında deyir ki:
İbni Kəlbi: əllamə, əxbar, nəsəb alimi Əbu Munzir Hişam ibn Məhəmməd ibn Saib ibn Bişir əl-Kəlbi
Darə Qutni və başqaları dedilər ki: "mətrukul hədisdir."
Və ibni Əsakir dedi ki: "rafizidir, siqa (etibarlı) deyil."
İbnul Kəlbi doğru olan görüşə görə 204-ci ildə
öldü.⁶
Görüldüyü kimi, rəvayəti nəql edən hər 2 ravi sünni ricalı baxımından ittiham edilmiş, etibar edilməyəcək kəslərdir. Demək Zeyd haqqında tarixi mənbələrdə keçən bu rəvayət də sünni məzhəbinə əsasən zəif və etibar edilməyəcək rəvayətdir. Lakin burada başqa bir əhəmiyyətli nöqtə daha var. O da budur ki, əz-Zəhəbinin də dediyi kimi Əbu Mihnəfin şagirdi Hişam ibn Məhəmməd ibn Səid hicri 204-ci ildə ölmüşdür. Təbəri isə 224-ci ildə dünyaya gəlmişdir.⁷ Yəni,ravilərin etibar edilməycək kəslər olmasından əlavə olaraq Təbəri ilə Hişam ibn Məhəmməd ibn Saib bir-birilərini görməmişdir ki, bu da istinadın bu hissəsinin ayrılmış olduğu deməkdir. Bu isə "rəvayəti uyduran Təbəridir" sözünün dəlilidir.
Mənbələr :
1)ibni Teymiyyə, "Minhac əs-Sünnə", 1/8
2)ibni Batta, "əl-İbanə əs-Suğra", səhifə 161
3) əz-Zəhəbi, "Kəşşaf", 1/514, 2480-ci ravi
4)Təbəri, “Tarixi Təbəri”, 5/497-498
5)əz-Zəhəbi, "Mizanul İtidal", 3/419-420, 6992-ci ravi
6) əz-Zəhəbi, "Siyər", 10/101-103
7) əz-Zəhəbi, "Siyər", 14/267
No comments:
Post a Comment