Tuesday, March 5, 2024

İrançıların Gülüstan və Türkmənçay müqavilələrinin farsca mətnində "İran şahı" sözünün keçdiyini göstərməsi

Son zamanlarda ölkəmizdəki irançılar Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin farsca mətnində "İran şahı" sözünün keçdiyi göstərərək, Qacarların "İran" və buna görə də Azərbaycanın İran torpağı olduğunu iddia edirlər.


Əvvəla, bunu bilməliyik ki, Qərb mənbələrində qeyri-ərəb torpaqlarını bildirən "əcəm" sözü yanlış olaraq "Persiya" kimi, bizdə isə "Persiya" sözü "İran" kimi tərcümə edilmiş və bu yanlışlar belə də qalmışdır (1).


Türkmənçay müqaviləsinin rus dilindəki variantına da baxsaq, görərik ki, burada "İran şahı" deyil, "Persiya [yəni Əcəm - R.Ə.] şahı" ("Шахом Персидским") və "Persiya [yəni Əcəm - R.Ə.] torpaqlarının başçısı" ("Персидския земли Начальником") olaraq keçir. Yəni müqavilənin rusca variantında "İran" sözü keçmir (2; 3).


Həmçinin "İran şahı" bir tituldur. Məsələn, Türkmənçay müqaviləsinin rusca variantında Çar I Nikolay üçün "... Kazan çarı, Astraxan çarı, Polşa çarı, Sibir çarı... Bolqarıstan knyazı... Gürcüstan və Kabardin torpaqlarının Böyük Knyazı..." titulları işlədilir (4), yəni burada onun hakim olduğu coğrafi ərazilər, vilayətlər göstərilir. Əgər irançılar kimi götürsək, onda belə çıxır ki, "İran"la müqavilə imzalayan və Çar I Nikolayın idarə etdiyi dövlətin adı Rusiya çarlığı deyil, "Kazan", "Polşa", "Sibir" "Bolqarıstan", "Gürcüstan" və sairdir.


Qısacası, "İran şahı" titulunun istifadə edilməsi, Qacar və ya onlardan əvvəlki şahların iranlı və onların idarə etdikləri dövlətin adının "İran" olması demək deyil. Yaponiyalı tədqiqatçı Masaşi Xanedanın da yazdığı kimi, o dövrdə İran bir dövlət kimi yox idi. Dövlət kimi "İran" anlayışı çox müasirdir (5). Dövlət kimi "İran" adı rəsmi şəkildə 1935-ci ildə istifadə edilməyə başlamışdır (6). 


Bu deyilənləri orta əsr mənbələri də təsdiqləyir;


Məsələn, Əhməd ibn Mahmudun və İbn Bibinin "Səlcuqnamə"lərində, Nizamülmülkün "Siyasətnamə"sində, Ata Məlik Cüveyninin "Tarixi-cahanquşa" əsərində "İran" sözünə heç bir yerdə rast gəlinmədiyi halda, "Azərbaycan" adına dəfələrlə rast gəlinir (7).


Nizaməddin Şaminin "Zəfərnamə" əsərində isə Azərbaycan və İran ayrı-ayrı məmləkətlər olaraq göstərilmişdir (8).


1462-ci ildə Teymuri tarixçisi Əbdülrəzzaq Səmərqəndi, Qaraqoyunlu Cahanşahın hakimiyyətini təsvir edərkən "Azərbaycan dövləti" ifadəsini işlədir (9).


XVII. əsrdə Səfəvi dövlətində olmuş Osmanlı səyyahı Övliya Çələbi Azərbaycan dövlətinin Şah İsmayılın əlinə keçdiyini qeyd edir (10; 11). XVII. əsrdə yaşamış Səfəvi tarixçisi İsgəndər bəy Münşi Türkman özünün məşhur "Tarix-i aləmara-yi Abbasi" əsərində Səfəvi dövlətini "Qızılbaş dövləti" adlandırır (12). Son Səfəvi hökmdarlarından Şah Sultan Hüseyn Səfəvi isə 1721-ci ildə Osmanlı sultanına göndərdiyi məktubunda öz ölkəsini "Səfəvi dövləti" olaraq adlandırırdı (13; 14).


Gülüstan və Türkmənçay müqavilələrinin əksinə, Qacarlar dövründə dövlətin adı dövlət sənədlərində "Məmaleke Məhruseye-Qacar" olaraq göstərilirdi (15).


Yuxarıda deyilənləri və Elxanilər dövründən başlayaraq Qacarların süqutuna qədər İran ərazisi, mərkəzi Azərbaycan olan, türk və monqol mənşəli dövlətlərin ətraf vilayətləri statusunda olmasını, yəni Azərbaycandan idarə edilməsini nəzərə aldıqda, İranın Azərbaycan üzərində deyil, Azərbaycanın İran üzərində hökmranlığından - İranın Azərbaycan torpağı olmasından danışmaq məntiqli olardı (16). 


Qaynaqlar:


(1) Bayram Quliyev, "Orta Əsrlər Azərbaycan Tarixinə Dair Xarici Tarixşünaslığa Tənqidi Bir Baxış" // "Yeni Türkiye", Yıl: 25, Sayı: 108, Azerbaycan özel sayısı - II, Ankara: Yeni Türkiye Stratejik Araştırma Merkezi, Temmuz - Ağustos 2019, səh.22.


(2) Вячеслав Румянцев, "Туркманчайский мирный договор 1828 г. Полный текст." // http://nik2nik.ru/node/36


(3) "Туркманчайский мирный договор

между Россией и Ираном" // http://www.hist.msu.ru/ER/Etext/FOREIGN/turkman.htm


(4) Вячеслав Румянцев, "Туркманчайский мирный договор 1828 г. Полный текст." // http://nik2nik.ru/node/36


(5) Masashi Haneda, "Emigration of Iranian Elites to India during the 16-18th centuries" // Cahiers d'Asie centrale 3/4, 1997, səh.130.


(6) Bayram Quliyev, "Orta Əsrlər Azərbaycan Tarixinə Dair Xarici Tarixşünaslığa Tənqidi Bir Baxış", səh.18.


(7) Yenə orada, səh.19.


(8) Yenə orada, səh.21.


(9) V. Minorsky, Jihān-Shāh Qara-Qoyunlu and His Poetry (Turkmenica, 9) // Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 16, No. 2, səh.277.


(10) "Günümüz Türkçesiyle Evliyâ Çelebi Seyahatnâmesi: Bursa - Bolu - Trabzon - Erzurum - Azerbaycan - Kafkasya - Kırım - Girit", 2. Cilt, 2. Kitap, Hazırlayanlar: Yücel Dağlı - Seyit Ali Kahraman, Bağcılar / İstanbul, səh.373;


(11) “Evliya Çələbi Səyahətnaməsində Azərbaycan”, Bakı, 2012, səh.127.


(12) İsgəndər bəy Münşi Türkman, “Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi)”, Fars dilindən çevirən: Şahin Fərzəliyev (Şahin Fazil), Bakı: “Şərq-Qərb” Nəşriyyat evi, 2010.


(13) Başbakanlık Osmanli Arşivi, Name-i Hümayun Defteri, 7:8, (Mart 1721), səh.23-24;


(14) Ernest S. Tucker, "Nadir Shah's Quest for Legitimacy in Post-Safavid Iran", University Press of Florida, 2006, səh.22.


(15) Ənvər Çingizoğlu, Mahal Qacar, "Qacarlar Dövrünün Diplomatları", Bakı: Mütərcim, 2014, səh.7.


(16) Vaqif Piriyev, "Azərbaycanın Tarixi-Siyasi Coğrafiyası", Bakı, 2006, səh.29.

No comments:

Post a Comment